"Ölkəmizin təhlükəsizliyi və regionun sabitliyi üçün Azərbaycan-Türkiyə tandemi daha da gücləndirilməlidir" - AÇIQLAMA


“Ukrayna-Rusiya müharibəsi fonunda qlobal güclərin pərdəarxası savaşının davam etdiyi bir vaxtda, İranla İsrail arasında olan ənənəvi ritorikanın hərbi müstəviyə keçməsi dünyanı böyük təhlükələrlə üz-üzə qoyub. Lokal formada olsa da, faktiki Üçüncü Dünya müharibəsinin getdiyini söyləmək mümkündür”.

Bu fikirləri “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal Turkustan.az-a açıqlamasında bildirib.

A.Camal qeyd edib ki, belə bir şəraitdə geopolitik maraqların kəsişdiyi Cənubi Qafqaz bölgəsində yerləşən ölkəmiz üçün də, risklər hər zaman aktual olaraq qalır: “44 günlük Vətən müharibəsi və antiterror əməliyyatının nəticələrinə görə regionda yeni arxitektura formalaşıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbə Azərbaycanın bölgədə və dünyada nüfuzuna ciddi təsir göstərib. Ermənistanla qalıcı sülhün əldə edilməsinin hələ də mümkün olmaması, regionda maraqları olan güclərin rəsmi İrəvanı bu prosesdən yayındırmaq niyyətinin nəticəsidir. Aprelin 5-də Ermənistanı müdafiə məqsədilə ABŞ, Avropa İttifaqı və Ermənistan rəhbərlərinin keçirdiyi görüş və verilən bəyanatlar da, regionda qalıcı sülhün əldə edilməsinə qlobal güclərin maneçilik cəhdinin “təntənəli nümayişi” idi.

Ermənistana verilən maliyyə vədləri, silahlandırma, ermənilərin revanş iştahlarını artırıb. Son günlər şərti sərhəddə artan gərginlik, Ermənistan hərbçiləri tərəfindən Azərbaycan mövqelərinin intensiv atəşə tutulması bunun nəticəsi sayıla bilər. Rusiya-Ukrayna, İran-İsrail müharibələri ilə yanaşı Ermənistan vasitəsilə yenidən Azərbaycanı savaşa təhrik etmək niyyətləri aşkar görünür”.

A.Camalın sözlərinə görə öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan isə bu gün regionda sülhü və əməkdaşlığı təşviq edir. Eyni zamanda, 30 il erməni vandalizminə məruz qalmış Qarabağı yenidən qurub dirçəldir, Böyük Qayıdışı həyata keçirir: “Azərbaycan eyni zamanda regionda sabitləşdirici faktor kimi çıxış etməklə, bölgənin də təhlükəsizlik arxitekturasına maksimum töhfə verir. Qardaş Türkiyə ilə “Şuşa bəyannaməsi” əsasında yürüdülən birgə fəaliyyət bu mənada təminatçı rolda çıxış edir. Hazırda dünyada və regionda yaşananlar bir daha Azərbaycan-Türkiyə, Türk dünyasının birliyi siyasətinin nə qədər doğru seçim olduğunu isbatlayır. Ölkələrimizin təhlükəsizliyi və regionun sabitliyi üçün Azərbaycan-Türkiyə tandemi daha da gücləndirilməli, təhlükəsizlik doktrinləri bir-birini tamamlamalıdır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ