Ermənistan sərhədə qoşun yığır: Fransa və İran isə... - Azərbaycana qarşı ŞOK PLAN


İran və Fransa Ermənistanı sülh müqaviləsindən uzaqlaşdırmaq üçün hər şeyi edir.

Turkustan.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan sülh müqaviləsini imzalamağa əvvəlki illərdən daha yaxın idi:

"Həm Azərbaycan, həm Ermənistan tərəfindən pozitiv açıqlamalar verilirdi. Xüsusilə rəsmi Bakı müqavilənin bağlanmasına daha israrlı şəkildə çalışırdı, çalışır. Üstəgəl, Paşinyan Qazaxın 4 kəndinin qaytarılmasının vacibliyini də xüsusi olaraq vurğulayıb. Amma sülh müqaviləsinə mane olan dövlətlər Ermənistana təsir edirlər. Bu baxımdan Fransa və İran aktiv rolları ilə seçilir. Rusiya da sülhün olmaması üçün əlindən gələni əsirgəmir.

Ermənistan müstəqil siyasi iradəyə malik deyil, buna görə də həmişə Paşinyanın sülh mesajlarına inanmamışam. Ermənistanın şərti sərhəddə canlı qüvvə və texnika yığması bunu bir daha göstərir. Paşinyan dediklərini yerinə yetirə bilmir, kənardan gələn tapşırıqları icra edir".

Əsədullazadə hesab edir ki, İran sülhün önündəki maneələri artırmaq üçün daha da fəallaşıb:

"İran Ermənistana silah daşınmasında əsas tranzit ölkədir. Yetər ki, sülh olmasın, İranın özü də Ermənistanı silahlandırmağa hazırdır. Əslində, Tehranın gizlicə silah otürdüyünə də şübhə yoxdur. Basqa sözlə, Ermənistanın sərhəddə qoşun yığmasından Rusiya və Fransa nə qədər məmnundursa, İran da o qədər məmnundur.

Ermənistana gəlincə, İrəvan təxribata əl atıb diplomatik masada əlini gücləndirmək istəyir. Məqsədlərindən biri Parisin tezisinə uyğun olaraq ermənilərin Qarabağa qayıtmalarına nail olmaqdır. Fransa bundan istifadə edərək Qarabağda Rusiya sülhməramlılarını əvəzləmək istəyir. Digər yandan, Azərbaycan qoşunlarının Zəngəzur və Göyçə istiqamətində strateji yüksəkliklərdən geri çəkilməsinə çalışırlar. Həmçinin məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmaqdan ibarətdir.

Ermənistan yenə təhrikedici vədlərə uyub hərəkət edir. Amma bu vədlərin Ermənistanı xilas edəcəyini düşünmürəm. Yeni toqquşma Ermənistana təkcə hərbi yox, ərazilər itkiləri bahasına başa gələcək. Ermənistan Fransa və Hindistandan aldığı bir neçə raket və texnika ilə durumu öz xeyrinə dəyişəcəyini zənn edirsə, ciddi səhvə yol verir.

Azərbaycanın seçimi sülhdür, bu, Ermənistanın da xeyrinədir. Əgər Ermənistan sülhü müharibə ilə gətirmək istəyirsə, o zaman çox ağır bədəllərinə qatlanmalı olacaq. Ermənistan yeni və daha ağır itkilərə hazırdırsa, biz də bunları ona verməyə hazırıq. Seçim İrəvanındır".


MANŞET XƏBƏRLƏRİ