Barışıq formulu tapıldı: Bakı və İrəvan razılaşdı - “Sülh uzaqda deyil”


Mayın 10-da, Qazaxıstanın keçmiş paytaxtı Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək. Danışıqlar zamanı sərhədlərin delimtasiyasının növbəti mərhələsi və sülh prosesinin gedişi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Həm Bakının, həm də İrəvanın bu görüşdən gözlənitisi böyükdür.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, istər Azərbaycan, istərsə də Ermənistan hər iki mövzuda sürətli və qalıcı nəticə əldə etmək istəyirsə, beynəlxalq hüququn prinsiplərinə əməl etməlidir:

“Azərbaycan bu məsələdə hansısa nəticəyə sürətlə çatmaq istəyirsə, çalışmalıdır ki, beynəlxalq hüququn öhdəliklərinə tam riayət etsin. 30 illik işğal dövründə beynəlxalq hüquq Qarabağı birmənalı olaraq Azərbaycan torpağı olaraq tanıdı və Ermənistanın işğalçı mövqeyini qəbul etdi. Bu səbəbdən biz bundan sonra da danışıqlar prosesində beynəlxalq hüququn prinsiplərini əsas götürməliyik. Beynəlxalq hüquq Almatı deklorasiyası əsasında müstəqil dövlətlərin inizbati sərhədlərinin dövlət sərhədlərinə çevrilməsini tələb edir. Bunu Ermənistandan başqa hamı qəbul etmişdi. İndi Ermənistan məğlub olub və həmin Almatı bəyənnaməsinin müddəalarını tanıyır”.

Politoloq delimitasiya prosesində yalnız 1991-ci ilin sərhədlərinin əsas götürülməli olduğunu diqqətə çatdırıb:

“Tarixən hansısa torpağın Azərbaycandan alınıb Ermənistana verilməsi ilə bağlı iddialar sadəcə xülyadır. Ermənistan bir zamanlar bu cür xülya ilə öz xalqını bədbəxt elədi. Azərbaycan bu mövzuda tam realist və beynəlxalq hüquqa əsaslanan mövqe ortaya qoymalıdır. Hazırda delimitasiya istiqamətində ilk addımlar uğurla atılıb. Bu istiqamətdə sərhəddə yaşayan yerli əhalinin rəyini, tarixi xəritələri, sənədləri nəzərə almaqla delimitasiya işlərini daha sürətlə həyata keçirmək olar. Delimitasiya edilmiş sərhəd xətti nə qədər uzun və sürətli olsa, iki ölkə arasındakı münasibətlər daha aydın fonda inkişaf edəcək. Azərbaycan və Ermənistan arasında sərhədlərin təyini ilə bağlı təxminən 90 faiz hissə razılaşdırılıb. Yerdə qalan 10 faizlə bağlı isə müzakirələr lazımdır. Bəzi hallarda ərazi mübadiləsinin aparılması da istisna deyil. Biz yalnız və yalnız 1991-ci il sərhədlərinin dövlət sərhədlərinə çevirilməsi istiqamətində işləməliyik. Hər iki ölkə bu istiqamətdə nəticələr əldə etsə, sülh müqaviləsi də uzaq deyil”.


MANŞET XƏBƏRLƏRİ