Tacikistan Rusiya bazasını ölkədən çıxarır?


Crocus City Hall-da baş verən terror aktından sonra Rusiya hərbi bazasının Tacikistandan çıxarılacağı ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə "MK"-da dərc olunan materialda qeyd olunur.

Nəşr yazır ki, Tacikistan hələ də öz vətəndaşlarının terror aktında iştirakını etiraf etməyib:

"Lakin Rusiyanın bu ölkədəki səfirinə taciklərə qarşı “mənfi münasibət” nümayiş etdirildiyinə görə etiraz notası verilib".

Mərkəzi Asiya Respublikası Milli Politoloqlar Assosiasiyasının sədri Abduqəni Məmədəzimov hesab edir ki, bu hadisələrdən sonra ölkələr arasında gərginlik artıb. Onun sözlərinə görə, gərginliyin artması Rusiyanın 201 saylı hərbi bazasının Tacikistanın iki şəhərindən - Düşənbə və Boxtardan çıxarılmasına səbəb ola bilər. O, vəziyyəti rus sərhədçilərinin İrəvanın Zvartnots aeroportundan və 102-ci hərbi bazanın Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdən çıxarılması ilə bağlı xəbərlərlə müqayisə edib.

Politoloq oxşar ssenarinin Tacikistanda da təkrarlana biləcəyini ehtimal edir. O, Rusiyanın strateji tərəfdaşlarını itirməsini ən mənfi nəticələrdən biri hesab edir. Məmədazımovun sözlərinə görə, əgər Qafqaz KTMT-nin qərb qanadıdırsa, Tacikistan şərq qanadıdır.

Hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkin isə iddia edir ki, 201-ci bazanın Tacikistan çıxarılması ilə bağlı xəbərlər çox şişirdilib. Onun fikrincə, bu cür bəyanatlar, o cümlədən Məmədazımovun açıqlamaları yalnız müəllifin nüfuzunu artırmaq məqsədi daşıyır.

Polkovnik Litovkin qeyd edib ki, Tacikistanda qərarları politoloqlar deyil, prezident Emoməli Rəhmon qəbul edir. O hesab edir ki, prezident Putinin artıq Moskvada keçiriləcək Qələbə Paradına dəvət etdiyi şəxsin (Emoməli Rəhmonun- red.) Rusiyanın hərbi bazasını ölkəsindən çıxarmaq üçün tədbirlər görəcəyi az inandırıcıdır.

Ekspertin fikrincə, Asiyada baza təkcə Rusiya üçün deyil, həm də regionda sabitliyin təmin olunması üçün vacibdir. O, Tacikistanın küçələrində silahlı dəstələrin döyüşdüyü 90-cı illəri xatırladıb və qeyd edib ki, rus sərhədçiləri çıxarıldıqdan sonra respublikaya narkotiklər axmağa başlayıb.

Polkovnik Litovkin rus hərbçiləri getdikdən sonra respublikada hakimiyyətin güclənəcəyinə şübhə ilə yanaşıb. O, Rəhmonun gedə biləcəyini qeyd edib və onun yerinə kimin keçəcəyini düşünməməyin daha yaxşı olduğunu bildirib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ