2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarının qan tökülərək yatırılmasından – 1 mart hadisələrindən 15 il ötür.
Hadisələrin yaxşı anlaşılması üçün əvvəlcə 19 fevralda keçirilmiş prezident seçkiləri ilə bağlı vəziyyətə nəzər yetirək. 1998-ci ildən sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanı təzyiqlərlə hakimiyyətdən kənarlaşdırmağa müvəffəq olaraq prezident kürsüsünü ələ keçirən Robert Koçaryan 2003-cü il seçkilərində də postunu qorumağı bacardığı üçün 2008-ci il seçkilərində namizəd olmaq hüququnu artıq itirmişdi. Belə olan halda Qarabağ klanı fərqli gediş edərək ovaxtkı baş nazir Serj Sarkisyanın namizədliyini irəli sürdü və Koçaryan dostunu dəstəklədiyini açıqladı.
Seçkilərdə müxalifətin əsas namizədi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. Sarkisyan və Ter-Petrosyandan başqa daha 7 namizəd də var idi. Daşnaksütyun Partiyasının namizədi Vahan Ovanisyan, Milli Birlik Partiyasından Artaşes Geğamyan, Xalq Partiyasından Tiqran Karapetyan, Qanunlar Ölkəsi Partiyasından Artur Baqdasaryan, “Milli Demokratik İttifaq”dan Vazgen Manukyan da seçkilərdə iştirak edirdi. Digər namizədlər isə Aram Arutunyan və Arman Melikyan idi. 2007-ci ilin 16 dekabrında start verilən namizədlərin qeydiyyatı prosesində iştirak edən daha 2 namizədin – Raffi Ovanisyan və Aram Karapetyanın namizədliyi qeydə alınmamışdı.
Seçkilərin qeyri-demokratik ab-havada keçiriləcəyi əvvəldən bəlli idi. 10 il əvvəl fitnə-fəsadla hakimiyyətə yiyələnmiş Qarabağ klanı könüllü şəkildə gedə bilməzdi. Hər şeydən əvvəl, ona görə ki, bu, onların cinayətləri ilə bağlı məsuliyyətə cəlb olunmaları ilə nəticələnə bilərdi. USAID və Beynəlxalq Respublika İnstitutu (IRI) da "ekzit-pol" keçirməkdən imtina etmişdi. Gərgin keçən seçkiqabağı kampaniya və təbliğat-təşviqat dövründən sonra seçki günü gəlib çatdı. İrəvan vaxtı ilə saat 23:00-da elan olunan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, rəsmi nəticələr belə idi:
Yer |
Namizəd |
Səslərin sayı |
Faiz |
1. |
Serj Sarkisyan |
862 369 |
52.82 |
2. |
Levon Ter-Petrosyan |
351 222 |
21.50 |
3. |
Artur Baqdasaryan |
272 427 |
17.70 |
4. |
Vahan Ovanisyan |
100 966 |
6.20 |
5. |
Vazgen Manukyan |
21 075 |
1.30 |
6. |
Tiqran Karapetyan |
9 792 |
0.60 |
7. |
Artaşes Geğamyan |
7 524 |
0.46 |
8. |
Arman Melikyan |
4 399 |
0.27 |
9. |
Aram Arutunyan |
2 892 |
0.17 |
- |
Cəmi: |
1 632 666 səs |
100% |
Nəticələrdən göründüyü kimi, Serj Sarkisyan qalib elan olunmuşdu. Seçkilərin səhəri günü müxalifət – Levon Ter-Petrosyanın tərəfdarları genişmiqyaslı aksiyalara başladı. Fevralın 20-dən 1 marta qədər davam edən aksiyalarda seçkilərin saxtalaşdırıldığı bəyan olundu və təcili şəkildə yeni seçkilərin keçirilməsi tələbi irəli sürüldü. Etirazçılar İrəvanın əsas meydanlarında, küçə və prospektlərində çadırlar quraraq oturaq aksiyaya keçdilər. Nəhayət, 1 martda – səhər saatlarında proseslərin getdikcə nəzarətdən çıxdığından ehtiyatlanan Koçaryan Sarkisyanın qalibiyyəti ilə bağlı elan olunmuş nəticələri reallığa çevirmək üçün zorakı üsula əl atmaq barədə qərar qəbul etdi.
Aksiyaçıların çadırlarda yatdığı vaxt əraziyə təhlükəsizlik qüvvələri cəlb olundu. İlkin mərhələdə dəyənək və elektroşok cihazları ilə silahlanan güc strukturları aksiyanı dağıtmağa girişdi. Daha sonra isə ordu şəhərə yeridildi və buna hüquqi zəmin formalaşdırılması üçün fövqəladə vəziyyət elan edildi. Prezidentliyə namizəd – rəsmi nəticələrdə 21.5 faiz səslə ikinci yeri tutmuş Levon Ter-Petrosyan isə zorla evinə aparıldı və de-fakto ev dustaqlığı şəraitində yaşamağa məcbur edildi. Aksiyaların dağıdılması zamanı ümumilikdə 10 nəfər olmaqla, 9 etirazçı qətlə yetirildi, təhlükəsizlik qüvvələrinin isə 1 əməkdaşı öldü.
Təəccüblü deyil. Xocalıda onlara heç nə etməyən günahsız uşaqların, qocaların və qadınların qətliamına imza atan ordu, əsas təşkilatçılardan və baş iştirakçılardan olan cəllad Koçaryan-Sarkisyan cütlüyü müxaliflərinə - onları hakimiyyətdən salmaq istəyən rəqiblərinə rəhm edəsi deyildilər... Dağıdılmış və pərən-pərən salınmış etirazçılar kortəbii aksiyalarını İrəvandakı Fransa səfirliyinin qarşısına proyeksiya etdilər. Martın 2-də tərəfdarlarını evlərinə dağılışmağa çağıran Ter-Petrosyanın müraciətindən sonra proseslər sona çatdı və Sarkisyan prezidentlik arzusuna çatdı. Onun hakimiyyət müddəti də qatil həmkarı Koçaryanınkı qədər çəkdi – 10 il.
2018-ci ildə yenidən seçilmək hüququnu itirən və kreslosunu qorumaq istəyən Sarkisyan oxşar taktika ilə ölkəni parlament-üsul idarəsinə “keçirib” baş nazir kimi səltənətini davam etdirmək istəyirdi. Amma budəfəki etirazları yatıra bilməyən Sarkisyan məxməri inqilabın nəticəsində hakimiyyəti Ter-Petrosyanın siyasi varisi, 1 mart hadisələrinin iştirakçılarından biri olan Nikol Paşinyana verməyə məcbur oldu.
Beləliklə, 1 mart hadisələri “Qarabağ klanı”nın son demarşı oldu. Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Koçaryan bir müddət həbsdə qalmalı oldu. 1 mart hadisələri ilə bağlı məhkəmə prosesi hələ də davam edir...
Modern Təhlil Qrupu
Qeyd: Yazı ilk dəfə 01.03.2023 tarixində Modern.az-da dərc olunub