Köçəryan xəritə nümayiş etdirdi: Müharibə olacaq


Ermənistanda bu il 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi qüvvələr arasında mübarizə getdikcə artır.

Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, hakim Mülki Müqavilə Partiyasının rəhbəri, Baş nazir Nikol Paşinyanın vətəndaşlarla görüşündə əsasən onlara “Ermənistanın 29,8 min kv.km-lik xəritəsi”ni hədiyyə edir. Məqsəd isə Ermənistanın beynəlxalq qurumlarda qəbul edilən ərazisini “rəsmiləşdirmək”dir.

Nikol Paşinyan sülh üçün qonşulara, xüsusilə Azərbaycana ərazi iddialarından əl çəkməyin vacib olduğu təbliğatını da aparır. Onun komandası isə Qarabağ haqda müzakirələri Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edir və bu mövzunu qapatmağa çalışır.

N.Paşinyan komandasının əsas təbliğatlarından biri də Mülki Müqavilə Partiyasının parlamentdə tam üstünlük qazanmayacağı halda Azərbaycanla müharibənin olacağı iddiasıdır. Hətta bununla bağlı Paşinyan tarix də verib: İyunda Mülki Müqavilə parlamentdə tam üstünlük əldə etməsə, sentyabrda Azərbaycanla müharibə başlayacaq.

Əks düşərgə, xüsusilə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan isə bunu təkzib etməyə çalışır, sülh gündəmini dəyişməyəcəklərinə işarə edirlər. Lakin 2 gün öncə öz iqamətgahında mediaya müsahibə verən “Ermənistan” blokunun rəhbəri və baş nazirliyə namizədi Robert Köçəryan faktiki mahiyyətini və seçiləcəyi halda hədəfini bir növ “göstərmiş oldu”.

Müsahibəsi zamanı divardan asılan monitorda kadrlara düşən xəritə əks olunub. Bu xəritədə keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 30 il işğalda saxlanılan 7 rayon Ermənistan ərazisi kimi təqdim edilir.

Bu, Paşinyanın iddiasını doğruldan əsas faktor sayıla bilər və görünür, Köçəryan sözdə müharibə olmayacağını desə də, Azərbaycan ərazilərinə iddia edəcəyini faktiki olaraq xəritə ilə göstərir. Əks halda seçki ilə bağlı müsahibəsində niyə sözügedən xəritəni jurnalistlərlə öz arasına yerləşdirməli və onun görüntülənməsini təmin etməlidir?


MANŞET XƏBƏRLƏRİ