Anama deyərsiz ağlamasın, sevinsin ki, mən şəhid olmuşam


23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olur...

1999 / 2009-cu illərdə Bakı şəhər 318 saylı orta məktəbdə tam orta təhsil alır...

2009 / 2013- cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasında kidboksing fakultəsi üzrə bakalavr təhsili alır...

2013- cü ildə Gədəbəy rayonundan Azərbaycan Silahlı Qüvvələrində Həqiqi Hərbi xidmətə çağırılır və xidmət müddətində Silahlı Qüvvılərin Təlim-Tədris mərkəzinə zabitlik kursuna yazılır...

2014- cü ildə ordu sıralarından ehtiyata buraxılır...

Hələ uşaq yaşlarından Qarabağı azad etmək arzusu ilə yaşayan, Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlə döyüşən, şəhid və yaralıları döyüş meydanından çıxaran, özü də Füzulinin Alxanlı kəndində qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tağım komandiri Muxtar Qasımlı!

Şəhidimiz vətən qarşısındakı xidmətlərinə və göstərdiyi şücaətlərə görə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, eləcə də, "Vətən uğrunda", "İgidliyə görə" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Fiziki cəhətdən böyük gücə malik olan şəhidimizin hələ uşaq yaşından idmana böyük marağı olur. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.

Döyüş yoldaşları deyir ki, o, ön sırada vuruşur, yaralı halda belə yoldaşlarını döyüş meydanından çıxarırdı.

Hələ uşaq yaşlarından "Mən əsgər olmaq istəyirəm" deyən, hərbi səfərbərlik zamanı hərbi komissarlığa dəfələrlə müraciət edən şəhidimiz Tovuz döyüşlərində iştirak edə bilməsə də, Vətən müharibəsinə qatılır.

İgidimiz illər öncə bir dəfə ailəsi ilə dənizə gedir. Üzgüçülüyü yaxşı bildiyi üçün uzaq məsafəyə qədər üzür və gözdən itir. İki saatdan çox valideynəri ondan xəbər ala bilmir və çox pis sarsılırlar. Günahkar olduğunu bilən Muxtar çətinliklə də olsa, valideynlərinin könlünü ala bilir.

Müəlliməsi Elnarə Mustafayeva deyir ki, "Nümunəvi şagirdlərimizdən idi Muxtar. Dara düşənin köməyinə gələr, kimisə incitməyi sevməzdi."

Anası Almaz xanım : "General Polad Həşimov şəhid olduqdan sonra bir çox gənclərimiz səfərbərliyə yazıldı, onlardan biri də Muxtar idi. O bu anı çoxdan gözləyirdi. Nə gedib yazılanda xəbərimiz oldu, nə də müharibəyə gedəndə evə gəlmədi. Həmin gün Muxtar növbədəydi. Növbədən çıxıb hərbi komissarlığa getmişdi. Mən indi peşimançılıq çəkirəm ki, kaş Pirəkəşküldə olanda onun yanına gedəydim. Gedim oğlumu son dəfə orada görərdim. Ən çox sevdiyi yemək yarpaq dolmasıydı. Ondan sonra o yeməyi bişirmirəm... "

Döyüş yoldaşları: "Sentyabrın 21-dən 27-nə kimi təlimdəydik. Təlimdə 3 mişen qoymuşdular: 200 metr, 250 metr və 300 metr. Muxtar orada bütün hədəfləri vurdu və qiymətləndirmədə 5 aldı. Müharibədə çox ürəklə döyüşürdü. Bir çox yaralı və şəhidlərimizin daşınmasında Muxtarın əməyi böyükdür. Yaralı, şəhid görən kimi qaçıb daşıyırdı. O üzdən də onun bronjileti qan içindəydi. Hər yerdə idmandakı uğurları ilə ad qoyub getmişdi, müharibədə də ad qoyub getdi Muxtar. Çox ürəkli, çox cəsarətli idi. Qorxu deyilən bir şey yox idi bu insanda. Bizi ruhlandırırdı döyüşdə. Hamımız deyirdik ki, biz şəhid olsaq və ya yaralansaq bizi Muxtar çıxaracaq. Oktyabrın 2-də döyüşlərdə çox itgi verdik. Ağır atəş altındaydıq. Muxtar sürünə-sürünə gedir ki, gizir Tağıyevi çağşrsın, düşmən o anda snayperlə vurdu Muxtarı. Çiynimizə alıb, daşımaq mümkün deyildi, düşmən atəşi yağış kimi tökürdü. Məcbur olub sürünərək onu birtəhər atəş nöqtəsindən çıxartdıq. Susamışdı, su verdik, içdi, dedi: "Anam məndən ötrü darıxıb".

Müharibədə Muxtarın dostu onun gözü önündə şəhid olur. Bundan sonra Myxtar da şəhidliyə can atır, "Mənim dostum gedib, mən qala bilmərəm" deyir. Döyüş yoldaşlarına vəsiyyətin də edir: Anama deyərsiz ağlamasın, sevinsin ki, mən şəhid olmuşam".

Atası Əli Qasımov: "Muxtarın döyüşə getməyini mən ümumiyyətlə bilmədim. Səhər saat 7.30-da evə zəng gəldi. Dastəyi qaldırdım, gördüm Muxtardır. Dedi ki, ata, gəl hərbi komissarlığa, maşını götür. Soruşdum ki, sən orada neyləyirsən? Dedi, gəl görərsən. Elə ailəliklə bir yedə taksi tutub getdik. Bizi görəndə çox da xoşuna gəlmədi ki, yəni, mən uşağam ki, hamınız yığılıb gəlmisiz... Gedəndən sonra bir dəfə zəng elədi dedi Beyləqandayam. Amma silah səslərindən bildim ki, yalan deyir. Şübhələrim doğru çıxmışdı-Füzulidəymiş... Muxtar şəhid olmadan iki gün əvvəl biz narahat idik. Elə bil əvvəldən hiss edirdik. Anası sakitləşmək bilmirdi, gözünün yaşı durmurdu. Mən inanmıram ölümünə. Elə bilirəm bu dəqiqə gələcək. Fikirləşirəm ki, hardasa uzaq bir yerdədir, nə vaxtsa qayıdacaq."

Muxtarın ailəsinə əvvəl yaralı olduğu haqda xəbər gəlir. Ailə həqiqəti sonradan öyrənir...

Sevdiyi qız olsa da, ona qovuşa bilmir. Sevdiyi xanım isə ancaq onun ailəsini və məzarını ziyarət etməklə təsəlli tapır... Mən sevənlərin cənnətdə qovuşacaqlarına inanıram. Bilirəm ki, şəhidimiz də öz sevdiyi ilə birgə girəcək cənnətə...

Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar olduğu kimi bir də xalq qəhrəmanlarımız var. Xalqın sevərək xatırladığı, şəklindən həmən tanıdığı və heç unutmadığı, adını körpələrində yaşatdığı o qəhrəmanlarımızdan biridir Muxtar. Öz igidliyi, mərdliyi ilə, hələ şəhid olmazdan öncə Vətən müharibəsinin atributa çevrilmişdi Muxtar üstü qanlı forması ilə...

Allah sənə rəhmət eləsin qəhrəman şəhidimiz! Sənin adın təkcə ailənin, yaxınlarının deyil, xalqın da qəlbində əbədi bir qəhrəman kimi yaşayacaq! Səni sevərək, yaşadacağıq qəhrəman şəhidim! Ruhun şad olsun!

Sevinc Bəhmənli.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ