Hörmüzün "ölümcül arxı" – İranın boğazı kilidləyən 7 strateji adası


Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ-ın minlərlə dəniz piyadasını regiona göndərməsi, İranın neft ixracının 90%-ni təmin edən Xark adası və digər strateji nöqtələrə mümkün hücum ehtimalını gündəmə gətirib.

Turkustan.az xəbər verir ki, Çinin Sun Yat-sen Universitetinin tədqiqatçıları Enyatollah Yazdani və Ma Yançjenin 2022-ci ildə dərc etdikləri elmi analizdə qeyd olunduğu kimi, İranın Fars körfəzindəki 7 adası faktiki olaraq boğazın taleyini həll edən "müdafiə arxı" formalaşdırır.

Bu adalar zənciri vasitəsilə Tehran dünya neft daşımalarının şah damarını istənilən an kəsə bilər. Strateji "arx"ın ən təhlükəli nöqtələri olan Əbu-Musa, Böyük və Kiçik Tunb adaları boğaz üzərində nəzarət üçün həlledici əhəmiyyətə malikdir, çünki körfəzin digər hissələrinin dayaz olması səbəbindən nəhəng hərbi gəmilər və neft tankerləri məhz bu adaların yanından keçmək məcburiyyətindədirlər.

Bu coğrafi reallıq həmin gəmiləri SEPAH-ın sürətli katerləri, dəniz minaları və PUA-ları üçün asan hədəfə çevirir. Digər tərəfdən, İranın "iqtisadi tacı" hesab olunan Xark adası ölkənin xam neft ixracının 90%-ni həyata keçirdiyi üçün həm Tehranın ən güclü silahı, həm də ABŞ-ın mümkün zərbələri qarşısında "Axillesin dabanı" hesab olunur. Keşm, Larak və Hörmüz adaları isə sahil raket sistemləri ilə təchiz edilərək boğazın düz mərkəzində hərbi nəzarəti təmin edir. Ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-ın dəniz piyadaları bu adalardan hər hansı birinə quru əməliyyatı başlatsa, bu, dünya bazarında neftin qiymətinin 200 dollara çatması ilə nəticələnəcək qlobal iqtisadi şoka səbəb ola bilər.

Hazırda bu "ölümcül arx"da yerləşən bütün İran adaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və boğazdan keçən hər bir gəmi SEPAH-ın radarları tərəfindən addım-addım izlənilir./Musavat.com


MANŞET XƏBƏRLƏRİ