“Sabah İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək”.
Turkustan.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin iştirak edəcəyi toplantıda üç ölkə arasında mövcud regional əməkdaşlıq əlaqələri nəzərdən keçiriləcək, eləcə də növbəti mərhələ üçün birgə strateji fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.
Görüşün əsas müzakirə mövzularının Cənubi Qafqazda daimi sabitlik, regional nəqliyyat və tranzit dəhlizlərinin gücləndirilməsi, həmçinin enerji təhlükəsizliyi və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi olduğu bildirilir.
Mənbələr qeyd edib ki, H.Fidan dünyada geosiyasi gərginliklərin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Cənubi Qafqaz regionunun strateji önəminin daha da yüksəldiyini xüsusi diqqətə çatdıracaq.
Toplantıda bu üçtərəfli əməkdaşlıq formatının bölgədə barış və rifahı təşviq edən nəticəyönümlü bir mexanizm olduğu, Türkiyənin Azərbaycan və Gürcüstanla qurduğu çoxşaxəli strateji tərəfdaşlığın regional inteqrasiyaya mühüm töhfələr verdiyi vurğulanacaq.
Xüsusilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti başda olmaqla, "Orta Dəhliz" çərçivəsində regional nəqliyyat layihələrinin genişləndirilməsi, loqistika infrastrukturunun inkişafı və daşımacılıq imkanlarının artırılması danışıqların diqqət mərkəzində yer alacaq./teleqraf