“Prezident İlham Əliyev beynəlxalq konfranslarda fürsət düşən kimi ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli görüş keçirir. Xatırlatmaq yerinə düşər ki, Zelenski prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bu, onun ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir”.
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Kiyevin Bakıdan bir istəyi var.
“Bu il iyulun 10-11-də Romada Ukraynanın Bərpası Konfransı keçiriləcək. Onlar Azərbaycanın da bu tədbirdə iştirakını istəyir. Burada söhbət Ukraynanın müharibədən sonra yenidən qurulmasından gedəcək. Böyük ehtimalla, ölkəmiz bu tədbirdə təmsil olunacaq”, – politoloq əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Söhbət zamanı tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiklərini bildirib.
Qeyd edək ki, bu dəqiqələrdə Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirakını təsdiqləyib. Bununla bağlı ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov danışıb. O, tədbirin Ukraynanın bərpası prosesi üçün əhəmiyyətli olduğunu vurğulayıb. /globalinfo.az/