Quş qripi Azərbaycana qayıtdı? - RƏSMİ


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) quş qripi A(H5N1) virusunun yayılması riskini aşağı səviyyədə qiymətləndirib.

Bu barədə ÜST-nin Qriplə Mübarizə üzrə Qlobal Proqramının rəhbəri Ventsin Çjan məlumat verib. O, Cenevrədə keçirdiyi brifinqdə həmçinin bildirib ki, bu virus təkamül edir və buna görə də onunla bağlı risk dəyişir.

“Quş qripi virusunun, eləcə də onunla bağlı riskin təkamüldə olduğunu vurğulamaq vacibdir. Buna görə də baş verənləri diqqətlə izləmək çox vacibdir. Bunun üçün biz virusun yayılmasını və ondakı dəyişiklikləri diqqətlə izləməliyik, eləcə də hazırlıq tədbirlərimizi yeniləməliyik”, - o deyib.

Bu yaxınlarda xəstəliyin ABŞ-də südçülük fermalarında yayılmasına toxunan Çjan qeyd edib ki, mövcud məlumatlara əsasən, ÜST cari ümumi ictimai sağlamlıq riskini aşağı hesab edir. Öz növbəsində, yoluxmuş quşlar və heyvanlarla, eləcə də yoluxmuş ətrafla təmasda olan şəxslər aşağı və orta risk altında ola bilər.

Ekspert ABŞ-dən başqa digər ölkələrdə də südlük mal-qaranın köçəri quşlar vasitəsilə yoluxmasının mümkünlüyünü də istisna etməyib. Azərbaycanda quş qripi təhlükəsi var?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Andhra Pradeş ştatında, Leyte adasında və Texas ştatında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub:

"Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub".

Əlavə olaraq qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir:

"Tərəfimizdən aparılan monitorinqlər zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib".


MANŞET XƏBƏRLƏRİ