Sözə sevdalı  şair - Söhrab Tahir


Aynur Turan

Bizim nəsil Söhrab Tahiri həmişə xeyirxah, nəcib, sözübütöv cəfakeş mərd və mübariz, xırda hislərdən uzaq görmüşdür. Bizim gözümüzdə S.Tahir inqilabçı, döyüşkən Cənubi Azərbaycan xalqının timsalıdır. Uca boylu, iti baxışları, şimşək gülüşləri ilə Söhrab Tahir Cənubi Azərbaycan torpağının bir parçasıdır. Güney Azərbaycanda sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya kimi gəzən, bütün qapıları ərklə açan, bütün evlərdə intizarla gözlənilən, varlığında işıq, inam, qələbə gəzdirən, özü demiş, Azər Azər babadır!

Azərbaycanın xalq şairi, nasiri, publisisti Tahiri Söhrab (Söhrab Tahir) Əbülfəz oglu 6 avqust 1926-cı ildə İranın Astara şəhərərində sənətkar ailəsində anadan olmuşdur. Şair “Səadət” və “Şapur” orta məktəblərində 9-cu sinfədək təhsil almışdır. Lakin ailənin maddi imkanları aşağı olduğuna görə şair təhsilini davam etdirə bilməmiş, atası ilə birgə “İran İngilis neft şirkəti” ndə işləməyə məcbur olmuşdur. Sovet ordusunun İrana yeridilməsindən sonra, Söhrab Tahir xalq hərəkatında aktiv yer almışdır. 1946-cı ildə Söhrab Tahir təhsil almaq üçün Bakıya gələrək Bakı Tibb İnsititunun stomatoloq və feldşerlik fakultəsində təhsil alır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakultəsində təhsilini davam etdirir. S.Tahir 1959-1961-ci illərdə isə Moskvada Maksim Qorki Adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib,“Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında isə redaktor müavini, 1984-cü ildən isə “Azərbaycan” jurnalında redaktor vəzifəsinə işləmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin pleniumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat birosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi içtimai fəaliyyətinə görə Təbrizdə “21Azər” medalı və bir sıra medallarla, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli, 709 nömrəli Fərmanı ilə ona “Xalq şairi” fəxri adı verilmişdir. 2006-cı ildə isə S.Tahir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar ittifaqı və onun Moskva şəhər təşkilatı nəznində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər ittifaqının qərarı ilə Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif edilmişdir. Onun kitablarından, “Qırılan zəncirlər” (1965), “Mən səni görmüşəm” (1965), “Burdan bir atlı keçdi” (1972), “Azad qardaşım var” (1973), “Mənim yolum (1975)”, “Döyüş lövhələri” (1980), “Ölümdən güclü həyatdan uca (1981)”, “Qonşu qızın məktubları” (1985), “Vətənlə sevgi arasında” (1986), “İki dəfə yox olmuş adam” (1988), “Əmanət” (1991), “Seçilmiş əsərləri” (2005), “Ata” (2009) çox cildli kitabı və s. nəşr olunmuşdur. Ümumiyyətlə, şairin 50-dən çox kitabı Bakıda, Moskvada, Berlində, Tehranda, Təbrizdə işıq üzü görüb. AMEA Şərqşunaslıq İnstitunun böyük elmi işçisidir. 1993-cü il mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. S.Tahir 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, 2002-ci ildən isə Azərbaycan İçtimai-Siyasi Universitetinin müəllimi olmuşdur. S.Tahirin yaradıcılığı aşağıdakı çap olunmuş əsərlərdən ibarətdir.

1. 1500-dən çox şeir.

2. 57 poema.

3. 18 roman.

4. 5 povest.

5. 75 hekayə.

6. 2 pyes.

7. 800-dən çox ədəbi, elmi, publisistik məqalələr.

8. Esse. Fəlsəfi traktat və ssenarilər.

9. Kitablara, elmi əsərlərə yazdığı müqəddimə və rəylər.

10. Azərbaycan YB-nə daxil olmaq üçün 50-dən çox gənc qələm sahibinə zəmanət vermişdir.

Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində vəfat etmişdir.

Çağdaş cənubi Azərbaycan şeirinin bayraqdarlarından biri olan S.Tahir dünyanın döyüşkən, inqilabi poeziyasının, ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında dayanır. Güneyli-Qüzeyli Azərbaycanın ədəbi ənənələrinin müştərək özülü üzərində yüksələn şairin yaradıcılığı poetik mübarizə yolu kimi doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı, nisgilli, ömürlüyüdür. S.Tahirin kitablar toplusunda şairin vətəndaşlıq, içtimai ruhlu şeirləri cəmlənmişdir. Güney Azərbaycanın taleyindən doğan mübariz əhvallı həmin şeirlərlə yanaşı müxtəlif mövzulu poetik parçaların da yer aldığı kitablarda müəllifin ikili taleyindən gələn bir mövzu əlvanlığı, sevinclə göz yaşının görüşlə ayrılığın, xoşbəxtliklə ömürlük dərdin sıx-sıx qovuşması, bir-birini təmizləməsi və tamamlaması var... S.Tahir sözləri o qədər işıqlıdır ki... O qədər işıqlı ki, bu işıqlı sözlərin hərəkəti, cazibəsi, saflığı onun yazdığı hər şeyə haqq qazandırır.

XX əsrin poetik kəhkəşanında Azərbaycan azadlığının romantikasından şehlənmiş çiçək misralar gecənin qaranlığında yanan ulduzlar kimi görünür. Bu görüntüdə hər misrası Azərbaycan istiqlalı, milli mədəniyyət mücadiləsi, haqq gerçəkliyi uğrunda mübarizədə döyüşən, vuruşan S.Tahir poeziyasının da öz parlaqlığı var. O, Azərbaycan azadlığı mübarizəsinə gənclik illərindən-ömrünün ən xoş, saf, təmiz, ülvi çağlarında, dünyanın minbir nəfsindən uzaq, qaynar həyat eşqi ilə dolu bir zamanında atılıb. Gənclik illərinin ilk sevgisi Azərbaycanın istiqlal mübarizəsi olub. Bu eşqin oduna böyük Azərbaycanın-ikiyə bölünmüş Azərbaycanın o tayından bu tayına pənahlanıb. Vətən eşqi ilə 18 yaşında yola çıxan Söhrab Tahir 90 il mənalı və eyni zamanda enişli-yoxuşlu ömür sürüb. 90 yaşında daha mübariz, daha ötkəm, daha inadkar olub. Şairin əbədi vətən sevgisinə, bağrı qan Vətəninə olan eşqinə əlmi yetirmək olar? Söhrab Tahirin şeirləri uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca yayılıb, milyonlarla ürəklərə yol tapıb.

Əziz Vətən, doğma diyar,

Vuruşuram sinəndəki

Qan yerini silənədək.

Vuruşuram azadlığım

Başım üstə gələnədək.

S.Tahir “Ata” poema-epos kitabı haqqında, eləcə də kitabın yazılma zəruriyyətini oxuculara məhz kitabda yer alan “müəllifdən” bölümü ilə (müəllifin dilindən) səhifəsində çatdırır. O, qeyd edir:

“Azərbaycan ədəbiyyatında ən irihəcmli poetik əsər hesab edilən “Ata” (poema-epos) 1991-cü ildən qələmə almağa başlamışam. Azərbaycanın qədim şeir forması-qoşma şəklində yazılmış bu əsər 15-bölmədən ibarətdir. Əsərin eramızdan 9 min əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, döyüşən varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusi ilə Azərbaycan xalqının eramızın əvvəlinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran və Ərəb ölkələri, İngiltərə, Almaniya və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür. Çoxdandır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular. Son 20 ildə Azərbaycan xalqının varlığı, etnogenizi ilə əlaqədar elmi kitablarla yanaşı, şamanizm, zərdüştizim haqqında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim və söyləncələr oxuyurdum. Xalqımın qədim varlğını, adını, qəhrəmanlıqlarını göstərən sənədləri, abidələri dağıdıb, yandırıb məhv edən düşmənlərin qəddarlığının qanlı izlərinə düşüb, yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən dəyişkən və ən ləyaqətli və sücaətli xalqları olan türkdilli ellərin, o cümlədən xalqımızın ən qədim tarixinin monumental mənzərələrini aydın şəkildə görməyə başladım. Azərbaycanda istiqlal hərakatı başlarkən bu mövzuda böyük bir əsər yazmaq imkanı reallaşdı:

(ardı var)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ