Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 98 milyon 703,2 min dollar dəyərində 13 min 625,6 ton kərə yağı idxal olunub.
Xaricdən gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,2 manat) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) təşkil edib.
Rəqəmlərdən də göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri son bir ildə 35,5 % bahalaşıb. Bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycan 18 ölkədən kərə yağı idxal edib.
Ən çox kərə yağı İrandan (5 372,9 ton), ən az isə İspaniya və Lüksemburqdan (hər birindən 0,01 ton) gətirilib. Ən baha kərə yağı Lüksemburqdan (bir kiloqramı 117,3 manat), ən ucuz isə Hindistandan (9,8 manat) idxal edilib.
Qeyd edək ki, hazırda bazarda kərə yağlarının qiyməti təmiz və ya qarışıq olmasından asılı olmayaraq çox yüksəkdir.
Həmin yağların baha qiymətə olmasının səbəbi gömrük dəyərinin yüksək olması ilə bağlıdır?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, kərə yağının gömrük dəyərinin bahalaşmasının bir səbəbi var:
“Dünyada heyvandarlıq məhsulları müxtəlif səbəblərdən, o cümlədən də kərə yağı bahalaşır. Bu isə Azərbaycana idxal olunan kərə yağının gömrük dəyərinin bahalaşmasını şərtləndirir. Nəticədə bu avtomatik olaraq daxili bazarda kərə yağının bahalaşmasına təzyiqlər yaradır.
Məsələn, 1 il ərzində kərə yağının gömrük dəyərinin 35 faiz bahalaşması birbaşa bazarda yağın 3 manat bahalaşmasına gətirib çıxarır. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən də idxal inhisardadır. Əgər xaricdə kərə yağı 30 faiz bahalaşsa, Azərbaycanda gömrük dəyərində 3 manat edirsə, daxili satış bazarında 6 manat bahalaşacaq.
Çünki idxalçı inhisarçıdır. Ölkədə onunla rəqabət aparacaq, qiymətinə mane olacaq bir tərəf yoxdur. Ona görə də dünya bazarındakı bahalaşma Azərbaycan bazarına ikiqat təsir edir. Bir tərəfdən iqtisadi təsiridir, digər tərəfdən inhisarçıların daha çox qazanmaq istəyidir. Bu inhisarçılığın xarakterindən doğan məsələdir.
İnhisarçılıq belədir ki, idxal zamanı xaricdə bahalaşma ölkənin daxili bazarına daha tez və çox təsir edir, ucuzlaşma isə daha gec, bəzən isə ümumiyyətlə təsir etmir. Azərbaycanda da idxal inhisarda olduğuna görə, xaricdən idxal etdiyimiz ərzaq məhsullarının bahalaşması dərhal ikiqat effektlə təsir edir, dünya bazarında ucuzlaşma isə bizə çox gec çatır və yaxud heç çatmır”.
Onun sözlərinə görə, ölkəmizə 100 manatdan artıq qiymətə idxal olunan baha yağlar, xüsusi texnologiya ilə idxal olunur və Azərbaycanın daxili bazarında bu yağlar əsasən elita, yaxud müxtəlif təşkilatlar tərəfindən alınır:
“Məsələn, SOCAR kimi dövlət və özəl şirkətlər bu yağı elitar nümayəndələr üçün alır. Həmin yağlar adətən bazara çıxmır və 150 manata başa gəlir. Ən ucuz və ən çox yağ bizə İrandan gəlir.
İrandan ucuz qiymətə idxal olunmasının da səbəblərindən biri odur ki, bizdə kənd təsərrüfatında ən çox istifadə olunan dizel yanacağıının qiyməti bizdə 1 manat, İranda 2 qəpikdir. Fərq 50 dəfədir. Bizdə yağın maya dəyəri 30 manata, İranda isə 3-5 manata başa gəlir ki, onu da Azərbaycana 8-9 manata ixrac edir.
Rusiya istehsalı kimi təqdim olunan yağlar böyük ehtimalla Azərbaycanda qablaşdırılan yağlardır. Azərbaycanda qarışıqsız yağ yoxdur. Palma, marqarinlə qarışdırırlar. Ona görə də Azərbaycan sahibkarları xarici qablaşdırma ilə yağ satmırlar. Yağı böyük, 50-200 kiloqramlıq qablaşdırmada Azərbaycana idxal edirlər.
Burada isə onu kiloqramlıq, yarım kiloqramlıq qablaşdırma edirlər. Bu zaman isə həmin yağa əlavə olaraq 10-30 faiz palma, marqarin yağı qarışdıırlar. Hətta həmin yağı emal edib başqa ölkəyə ixrac edirlər. Bu da sahibkarlar üçün sərfəli olur”.