“Tut yemiş bülbülə dönmək” nədir?- Belə yaranıb


Bəzən əvvəl çox danışıb, birdən-birə susan adamlar haqqında “Tut yemiş bülbülə dönüb” ifadəsi işlədilir. Tut yemiş bülbül necə olur ki? Niyə belə deyirlər?

Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin necə yaranması barədə məlumat verir.

Bülbüllər yazın sonlarında ağaclarda dəymiş gilasın, gilənarın, tez yetişən digər şirəli meyvələrin gün altında qıcqıraraq dadını dəyişmiş, bir növ spirtli içkiyə çevrilmiş şirəsindən içərək sərxoş olurlar. Gilas şirəsi “sərxoş” bülbüllərin səsini aləmə yayır, cəh-cəhləri ilə eşidənləri bihuş edirlər.

Tut mövsümündə isə bülbüllərin səsi çıxmır. Çünki, bol-bol tut yedikdən sonra ishal olan bülbüllər daha əvvəlki kimi oxuya bilmirlər, səs-səmirləri kəsilir.

Buna görə də, həmişə söz-söhbəti ilə məclisə sevinc, gülüş bəxş edən adamlar hansısa bir səbəblə susanda onlar haqqında “tut yemiş bülbül” ifadəsi işlədilir.


MANŞET XƏBƏRLƏRİ