Hökumət bahalaşmanı bir gündə dayandıra bilər


Ölkədə iqtisadi yönümlü bir sıra dəyişikliklər olsa da, bu, kifayət etmir.

Belə ki, iqtisadi sahədə ciddi amillərdən biri kimi Rəqabət Məcəlləsinin qəbul edilməsi gözlənilirdi. Ancaq Rəqabət Məcəlləsi qəbul olunsa da, hələ ki ötən müddətdə təsiri müşahidə edilməyib. Bundan başqa, artıq bir neçə ildir ki, sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb.

Onu da qeyd edək ki, bəzi sahibkarlar da bu amildən faydalanmağa çalışırlar. Ekspertlərin fikrincə, monopoliyanın da tezliklə aradan qalxması mümkün görünmür. Nəqliyyatla yanaşı, ərzaqla bağlı bahalaşma davam edir. Mütəxəssislər indiki halda qısa təsir mexanizmi kimi hansı yolu təklif edirlər?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu prosesin həm qısa, həm də uzunmüddətli tənzimləmə mexanizmi, yolları var:

“Eləcə də bir gün ərzində vəziyyətə təsir etmək imkanları və fürsətləri var. Hökumətin əlində belə rıçaqlar mövcuddur. Uzunmüddətli yol haqqında illərdir ki, danışırıq. Burada rəqabətli mühitin genişlənməsi, investisiya mühitinn yaxşılaşdırılması, inhisarçılığın aradan qaldırılması kimi amillər öz əksini tapır. Təəssüf ki, qayda-qanunlar qəbul olunur, ancaq reallıq dəyişmir.

Ancaq hökumətin əlində çox sadə, effektiv mexanizmlər var ki, bir gün ərzində belə, qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilərlər.

Məsələn, ərzaq və dərman preparatlarında əlavə dəyər vergisinin pərakəndə satışda azaldılması, yəni 18 faizdən məsələn 2 faizə endirilməsi ola bilər. Bu, 10-15 faiz ərzaq və dərman məhsullarının qiymətini ucuzlaşdıra bilər. Bundan başqa, gömrük rüsumları ilə bağlı qərar vermək mümkündür. Dünyada gömrük rüsumları ilə bağlı belə bir praktika var ki, ölkə daxilində istehsalı olmayan məhsulların gömrük rüsumu aşağı olur. Ancaq daxili istehsalçını qorumaq üçün rüsumları yüksək qoyurlar ki, daxili istehsalçı rəqabətə davam gətirsin və özü inkişaf etsin”.

Ekspert deyib ki, bu yanaşmanı ölkəmizdə görmürük:

“Məsələn, ölkədə istehsalı heç olmayan və yaxın perspektivdə heç olmayacaq məhsullar var. Əsasən də sosial xarakterli, ərzaq məhsulları, o cümlədən dərman preparatları, əngəlli insanlar üçün avadanlıqlar və s.

Onların əksəriyyətinə 15 faizlik gömrük rüsumu var. O zaman bu rüsumu 5 faizə endirmək olmazmı? Təbii ki, olar. Yəni bütün bu qayda və qanunlar hökumətin əlindəki ən vacib və tez effekt verə biləcək alətlərdir.

Təəssüf ki, onlardan istifadə etdiklərini görmürük”.


MANŞET XƏBƏRLƏRİ