Bazarda ucuzlaşma yaratmağın sadə yolu GÖSTƏRİLDİ


Sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar "tedaruk.az" saytına daxil olaraq dövlət satınalan təşkilatların 2025-ci il üzrə tələbatlarına uyğun şəkildə ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

İstehsalçı və satıcılar "tedaruk.az" saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Qeyd edək ki, "tedaruk.az" elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.

Məlumdur ki, hazırda məhsul istehsal edən hər vətəndaşın bu sayt marədə məlumatı və ora daxil olmaq imkanı yoxdur. Digər tərəfdən, niyə bu gün ölkədə bir çox tədarük məntəqələri yaradılmır ki, bölgədə ucuz qiymətə olan məhsullar üçqat qiymətə Bakıda satılır?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, əvvəlki tədarük qurumları indiki halda qəbiledilməzdir:

“Çünki bazar iqtisadiyyatı qurmaq fikrindəyik, hələ çalışırıq, alınmır.

Ona görə ki, möhtəkirlər, oliqarxlar, eləcə də bəzi adamlar var ki, bu sahədə problemlər yaradırlar. Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı portallar, kəndlilər, kiçik fermer təsərrüfatları, fərdi təsərrüfatlarında məhsul istehsal edənlər üçün əlçatan deyil. Ola bilsin ki, görüntü yaratmaq məqsədilə bunu edirlər. Dövlət büdcəsindən o qədər vəsait ayrıla bilməz.

İndi orada müəyyən qurumlar,qapalı müəssisələr, xəstəxanalar, məktəblər üçün müəyyən qədər kənd təsərrüfatı məhsulları tədrük olunur. Orada da yanaşma belədir ki, özlərinin tanıdıqları şəxslərə daha çox üstünlük verirlər. Artıq onlarla müqavilələri var, onlarla işləyirlər. Hökumət çalışmalıdır ki, Azərbaycanda bazar normal fəaliyyət göstərsin.

Ölkədə bir neçə yerdə topdansatış bazarı, onlar arasında rəqabət olmalıdır. Sövdələşməyə getməməli, qiyməti onlar müəyyən etməməlidirlər.

Kəndli, fermer istehsal edir, tədarükçülər həmin məhsulu istehsalçıdan alır ki, burada da mütləq müqavilə şərtləri olmalıdır. Ölkədə bir neçə topdansatış bazarı olsa, daha yaxşı olar”.

Ekspertin sözlərinə görə, daha tez satmaq o bazarlarda mümkün olacaq ki, orada qiymətlər əhali üçün əlçatan olacaq:

“O tədarüklər məhsulun qiymətinin hesabına deyil, dövriyyənin hesabına qazanc əldə edəndir. Biz də o zaman görərik ki, Azərbaycanda artıq bazar öz fəaliyyətini qaydalara uyğun həyata keçirir. Nazirlik buna çalışmalıdır. Bu, elə də çətin deyil. Monopoliyanı aradan götürmək nə problemdir? Heç kəndliyə də sərf etmir ki, portala getsun. Orda da inhisarçılar mütləq var. O demək deyil ki, asanlıqla girib orada məhsulunu təqdim edəcək və orada onun alıcısı tapılacaq.

Ən yaxşısı odur ki, Azərbaycanda bazar iqtisadiyyatı olsun. Kəndli, fermer istehsal etdiyini ya özü, ya etibar etdiyi nümayəndəsi, ya da ona sərf edən tədürükçü bazar çıxarsın. Bütün sivil ölkələrdə bazar belə işləyir. Mən Sovet dövründə yaşamışam və bütün tədarük təşkilatlarında yoxlama aparmışam. Həm Rusiyada, həm də Azərbaycanda gördüm ki, oraya xuliqanlar cəlb olunub, onlar qiyməti diqtə edir, çəkini az göstərir, ucuz alıb baha satırdılar. Bir çox hallarda görürdük ki, həmin “kaptyorklarda” xarab olmuş məhsullar satılır.

O zaman ölkədə ən varlı adamlar kimlər idi? Heyvanları gətirib ətlik idarəsinə verirdilər. Yarı çəkidə, aşağı qiymətə verirdilər. Ora süd təhvil verib yağlılığını aşağı göstərirdilər. Mən dəfələrlə mübarizə aparsam da, görürdüm ki, mümkün deyil. Yəni rayonlarda, şəhərlərdə, kəndlərdə ən varlı adamlar kimlər idi? Tədarük təşkilatının rəhbərləri və işçiləri, ət, süd zavodunun rəhbərləri idi.

Kolxoz və sovxozların, yaxud da əhalidən aldığı südün hesabına olurdu. İndi bazardan monopoliya götürülsə, ölkədə bir neçə yerdə topdansatış bazarı olsa, kəndlilər üçün yaxşı imkan yaradılsa, heç bir problem olmaz. Normal ölkələr belə inkişaf edir. Məsələn, Türkiyədə həftə başlayanda yarmarkalar olur.

Çoxsaylı yarmarkalarda mən də alış-veriş etmişəm. Görürdüm ki, orada qiymət marketə nisbətən təxminən 20-50 faiz ucuzdur. Bizdəki yarmarkalara nisbətən isə 2-3 dəfə ucuz idi. Burada pomidor 3 dollardan baha olanda, orada 1 dollar olub. Demək, bizdə 3 dəfə baha olub.

Azərbaycan neft-qaz istehsal edən ölkədir. Niyə istixanada istehsal onunan məhsul bazarda o qiymətə olsun? Bizdə əskinə, daha ucuz olmalıdır. Elə şərait yaratmaq lazımdır ki, istehsalçının istehsal etdiyi məhsul həm bazara, həm də yarmarkalara çıxsın və onda rəqabət mühiti, qiymətlər də bizim üçün əlçatan olacaq. İndiki kimi yüksək olmayacaq”.


MANŞET XƏBƏRLƏRİ