Əli Həsənov: “Hər bir siyasətçi və məmur öz əməlinə görə qanun qarşısında cavab verir və verməlidir”


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması böyük müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə və bəzi media orqanlarında bu mövzunu şərh edənlər PA-nın İctimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənovun da adını çəkir və ona qarşı ittihamlar səsləndirir.

Əli Həsənovun özü isə Gununsesi.info-ya açıqlamasında bu iddiaları belə şərh edib:

“Mən son 35-40 il müddətində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə və Yeni Azərbaycan Partiyasının siyasətinə sədaqətlə xidmət etmişəm. Bu gün də dövlət kursunu fəal şəkildə dəstəkləyirəm. Qulluqda olduğum hər günümlə və qulluq etdiyim hakimiyyətin bütün fəaliyyəti ilə fəxr etmişəm, bu gün də edirəm. Hər bir siyasətçi və məmur öz əməlinə görə qanun qarşısında cavab verir və verməlidir. Odur ki, kimin hansı zamanda, hansı iş görməsi və bunun hansı məsuliyyət doğurmasının mənə heç bir aidiyyatı yoxdur.
Kimə aidiyyatı varsa və hansı qurum bu işlərin hesabını soruşmalıdırsa, onlar da soruşur. Mən isə hazırda təqaüddəyəm və elmi fəaliyyətdən başqa heç bir digər fəaliyyətlə məşğul olmuram. Prezident İlham Əliyevin yürütdüyü siyəsəti və dövlətimizin siyasi kursunu əvvəllər necə dəstəkləyirdimsə, hazırda da eyni dərəcədə dəstəkləyirəm. Sensasiya axtaran, mənim şəklimi kimlərinsə yanında çap etməklə özünə əlavə oxucu cəlb etməyə çalışan bəzi media orqanlarını isə məyus etməyə məcburam. Mən heç kimə və heç bir quruma bağlı biri deyiləm. 1990-cı ildən başlayaraq və bu gün də daxil olmaqla, özüm və ailə üzvlərim Əliyevçiyik, bu ammalla da ömrümüzün sonuna qədər yaşayacağıq”.


MANŞET XƏBƏRLƏRİ