Bankların yüksək faizi: Nə qədər davam edəcək?


Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib.

Bu 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur.

Qeyd edək ki, bu gün banklarla bağlı vətəndaşlar müxtəlif problemlərlə üzləşirlər. Belə ki, dünyasını dəyişən şəxsin krediti vərəsədən tələb edərkən, yaxud yüksək faiz və digər səbəblərlə bağlı istehlakçılarla banklar arasında problemlər yaşanır. Mövcud vəziyyətlə bağlı “Banklar haqqında” yeni qanuna ehtiyac varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, banklar haqqında yeni qanun deyil, mövcud qanunvericiliyin təkmilləşdirilməsi daha məqsədəuyğundur:

“Bütövlükdə istehlak kreditlərinin belə yüksək olması yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Yəni insanlar daha çox istehlak etmək, yaxşı yaşamaq istəyir. Bu baxımdan deməzdim ki, istehlak kreditləri həddi Azərbaycanda digər ölkələrdən çoxdur, bəlkə də bəzilərindən azdır. Ancaq Azərbaycanda problem ondadır ki, istehlakçı bir çox hallarda qorunmur. Xüsusilə də bu, vəfat etdiyi zaman baş verir. Yəni öldükdə vərəsələri onun borcuna görə cavabdehdir. Ancaq qəbul etdikləri miras-əmlak həddindədir. Bəzən insanlar bunu da səhv salır. Yəni ümumən onun borcuna görə ailəsi cavabdeh deyil. Əgər onlara miras, ölən şəxsdən əmlak qalıbsa, o həddə cavabdehdirlər. Ancaq bəzən yenə də təcrübədə problem olur. Məsələn, ölən şəxsin evi var və bütün ailəsi də orada yaşayır. İndi bu əmlak onun vərəsələrinə keçməlidir. Bu halda hansısa banka borcu varsa, o zaman onun vərəsələrindən tələb edəcəklər.

Yaxud da əks halda evini əlindən alacaqlar. Bu da təbii ki, ailə üzvlərinə sərf etmir və məcburdurlar ki, banka borcu versinlər. Əgər imkanları yoxdursa, bu ciddi problemdir. Bunun qarşısının almaq üçün dünyada yaxşı bir mexanizm var ki, bu da həyat sığortasıdır. Yəni istehlak krediti götürənin həyatı sığortalanır və sabah o vəfat etdikdə borcu banka sığorta şirkəti ödəyir. Bizdə əslində ipoteka kreditlərində bu tətbiq olunur. Ancaq digər hallarda yox. Bu baxımdan yaxşı olardı ki, yalnız ipoteka kreditlərində yox, bütövlükdə istehlak kreditlərində tətbiq olunardı. Bu, həm müştərilərin, həm də bankların xeyrinə olardı, bu halda riskləri azalardı. Həm də son nəticədə sığorta şirkətlərinə xeyri olardı”.

Ekspertin sözlərinə görə, faiz yüksəkliyi qismən bank sisteminin problemidir:

“Bu, əsasən maliyyə resurslarının bahalığı ilə bağlıdır. Yəni əmanətçilər də banklara pulunu çox yüksək faizlə yerləşdirir. Banklar da kredit kimi həmin vəsaiti verirlər. Bu baxımdan əmanətlər üzrə faizləri də endirmək lazım gəlir. Ancaq yəqin ki, bununla əmanətçilər qane olmayacaq. Bütövlükdə Azərbaycanda kredit faizlərinin yüksək olması kredit riskinin yüksək olması ilə bağlıdır. Yəni kreditin qaytarılmaması ehtimalının yüksək olması, bu zaman yaranan problemlər məcbur edir ki, hamı faizləri yüksək təqdim etsin.

Sabah kreditin qaytarılmaması halında onun çəkməli olduğu xərcləri o faizlər hesabına örtsün. Bu da Azərbaycanda qanunçuluq, məhkəmə sistemində problemlə bağlıdır. Beləliklə, faizlərin yüksəkliyi bütün bunlarla bağlıdır. Ümumilikdə isə banklar haqqında yeni qanuna deyil, təkmilləşməyə ehtiyac var”.


MANŞET XƏBƏRLƏRİ