QARABAĞ XANLIĞI - 1783


(ixtisarla)

Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, Şimali Qafqazdakı Qızlar Qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış.

Fətəli Xan da köhnə kininə davam edərək, Kürü tez-tez keçir, Qarabağ kəndlərini dağıdır və xalqı Qubaya əsir aparırdı. İranda əvvəlki kimi yenə xanların bir-birilə çarpışması davam edir və bəzən Arazın bəri tərəfinin də asayişini pozurdu. İbrahim Xan bir tərəfdən Şuşanı bərkidir, o biri tərəfdən də Kür, Araz qırağında qoşun saxlamaq məcburiyyətində qalırdı. Daxildə də işlər yolunda deyildi: erməni məlikləri, keşişləri rus sarayı ilə olan əlaqələrində davam edirdi və Qarabağın hərbi əhəmiyyəti olan bütün əhvallarını ruslara bildirirdilər. Rusların nəzərini cəlb etmək üçün onlara imkan dairəsinə sığmayan vədlər verirdilər: böyük ordu və sursat təklif edirdilər, ölkədə mövcud olmayan gümüş mədənlərindən bəhs edirdilər.

Xan qaynı Cümşüdü yanına çağırtdırdı. Cümşüd qorxu içində gəldi. Xan Ağası bəylə oturub düşüncəyə dalmışdı. Cümşüd salam verdi. Xan onun salamını almadı. Bir az ayaq üstə qaldıqdan sonra xan onu qəzəblə süzüb: - Otur! – dedi və həyacanla danışmağa başladı:

-Balam, sən erməni, mən müsəlman – heç məndən əziyyət görmüsən?

Cümşüd itaətli bir halda:

-ALLAH eləməsin, xan, - dedi, həmişə hörmət görmüşük!

-Bacın neçə ildir ki, mənim əyalımdır, məndən güldən ağır bir şey eşidib?

-ALLAH eləməsin!

-Atan məndən, ya rəhmətlik atamdan heç incimişdi?

-ALLAH rəhmət eləsin, nə rəhmətlik Pənah Xandan, nə də səndən bir tikə də inciməyib.

-Yaxşı, bəs bu məliklər məndən nə istəyir? Deyirlər ki, Dızaq məliyi İsa ruslara bel bağlayıb, alt-üst danışır. Bilmir ki, bir İsanı, on İsanı, yüz İsanı, - burada xanın səsi yüksəldi, - yox eləmək mənim əlimdə bir qurtum su içmək kimi bir şeydir!

Cümşüd yavaş səslə:

-Əlbəttə ki, xan! – dedi. – Bilirsən ki, bu başı batmış dörd məlik mənim atamla da düşmənçilik edib. Qudurğanlıq edirlər.

Xan yenə hiddətləndi:

-Qudurğanın boynunu sındırarlar!-dedi. Rəhmətlik atam o qudurğanların kəllələrindən Xaçında minarə tikdirdi, yenə ağıllanmadılar? – Xan bir ağız dayanıb, neypuşun ucunu yanıqla dodaqlarına söykədi və bir iki dəfə çəkib, sakit oldu. Ehmal bir səslə sözünü davam etdi:

-Biz dedik, müdarə ilə dolanaq, sənin bacını aldım ki, aralıqda qohumluluq da olsun. Daha üzdə bir, dalda da ayrı cür olmaq demədik. Adam yorğanına görə ayaq uzadar, cəmi Qarabağ xanlığında altı min evsiniz, bir dəfə göz eləsəm, sizin toxumunuzu yer üzündən kəsərlər. Amma mən pislik eləmək istəmirəm. Deyərlər: “papağın keçi dərisindən, xəbərin yoxdu gerisindən”. Adam gərək gerisini düşünsün. Petro padşah sizə nələr vəd eləmişdi, nə oldu? Köməyə gələrəm deyə, “dəliyə yel, əlinə bel” verdi, sizi müsəlmanların canına salmaq istədi. O qonaq idi – gəldi, getdi, ortalıqda qırılan siz oldunuz. Bu, yaddan çıxdı?

Xan susub, qəlyan çəkməyə davam etdi. Birdən neypuşu ağzından çıxartdı, əli titrəməyə başladı, çənəsi əsdi:

-Ağası! – deyə kələntərə müraciət etdi: - Bu saat Dızağa üç yüz atlı göndər o köpək oğlu İsanı tutub assınlar, evini, mülkünü dağıtsınlar! Daşı daş üstə qoymasınlar! Mən onu Dızaq sığnağına yüzbaşı tikdim, daha başıma bəla demədim.

Ağası bəy dik qalxdı:

-Baş üstə! – deyib, yanı-yanı çıxdı.

Cümşüdün rəngi üzündən götürülmüşdü: xan ilə yalqız başına bir otaqda qalmaq ən böyük bir əzab idi. Yaxşı ki, xan ansızın:

Gedə bilərsən! – dedi və Cümşüd ayağa qalxıb, getdikdə xan bir az mülayim bir səslə: - Get, ermənilərə söylə ki, ağıllarını başlarına yığsınlar!

Cümşüd ancaq artırmaya çıxdıqda dərin və asudə nəfəs ala bildi.

Hazırladı – Fuad Kamil oğlu

Mənbə - “İki od arasında” – Yusif Vəzir Çəmənzəminli

Əsərləri – Bakı 2005


MANŞET XƏBƏRLƏRİ