Ölkədən çıxışa hansı hallarda məhdudiyyət qoyulur? - AÇIQLAMA


Bəzən vətəndaşlar xaricə səfər edərkən onların ölkədən çıxışına məhdudiyyətin qoyulduğu məlum olur.

Hansı hallarda vətəndaşların ölkədən çıxışına məhduiyyətlər tətbiq edilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Azərbaycanda ölkə vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərə məhdudiyyətlər hüquq-mühafizə orqanlar tərəfindən tətbiq edilir:

“Hüquq-mühafizə orqanları rəsmi məktubla Dövlət Sərhəd Xidmətinə müraciət edir. Həmin məlumatlar isə ümumi elektron informasiya sistemində öz əksini tapır. Şəxsin ölkədən çıxışına qadağa məhkəmənin qərarı ilə tətbiq olunur. Bu icra şöbələri tərəfindən müvafiq təqdimat əsasında da həyata keçirilir. Eyni zamanda şəxs barəsində ölkədən çıxışa qadağa onun hər hansı icra olunmayan məhkəmə qərarı, qətnaməsi olduqda da tətbiq edilir”.

Ekspertin sözlərinə görə, şübhəli şəxsin, şahidin də ölkədən çıxışına məhdudiyyət qoyula bilər:

“Bəzən hüquq-mühafizə orqanları tərəfindən məhkəmə qərarı olmadan, birbaşa hər hansı prosesual qərar qəbul edilmədən də şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulur. Bununla bağlı vətəndaş məhkəməyə müraciət edib üzərində qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı qərar əldə edə bilər”.

Hüquqşünas onu da bildirib ki, bəzən lakin məhkəmə qərarı, qətnaməsi tam icra olunmasına baxmayaraq ölkədən çıxışa məhdudiyyət qoyulur:

“Belə hal baş verdikdə həmin şəxs məhdudiyyəti qoymuş rayon, şəhər məhkəməsinə ərizə ilə müraciət edib həmin məhdudiyyətin götürülməsini tələb edə bilər”.

R.Süleymanov həmçinin vurğulayıb ki, ölkə xaricində olmuş vətəndaşlar Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin IV bəndinə əsasən ölkəyə maneəsiz qayıtmaq hüququna malikdir. Ölkə xaricində olan azərbaycanlılar mütləq şəkildə ölkə ərazisinə buraxılmalıdır.


MANŞET XƏBƏRLƏRİ