Delimitasiya prosesi: Bizə aid olan hissədə qalan ermənilər vətəndaşlıq alacaq? - AÇIQLAMA


Dünən axşam saatlarında Kirants icma zalında toplantı keçirilib. Qubernatorluq işçiləri bir neçə saat ərzində bir qrup sakinlə təzminat məsələlərini müzakirə ediblər. Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən kirantslılardan, eləcə də körpünün təhvil verilməsi ilə bağlı evləri sərhəddə qalan ev sahiblərdən gedir. Bu barədə "Hraparak" məlumat yayıb. Bildirilib ki, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar.

"Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ burasındadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib: onlar iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar Kirants ərazisində görünəcəklər", - sakinlər bildiriblər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycana aid ərazilərdə məskunlaşmış ermənilər mütləq şəkildə köçməlidir:

“Bu dövlətin mövqeyindən asılıdır. İnanmıram hökumət bu istiqamətdə qərar versin. Rəsmi olaraq bu ərazilər Azərbaycanındır və ermənilər orada son 30 ildə qeyri-qanuni şəkildə məskunlaşıblar. Delimitasiyadan sonra faktiki Azərbaycan ərazisinə aid hissədə qalan ermənilərə vətəndaşlıq verilməsi mümkünsüzdür. Çünki onlar həmin ərazilərdə qanunsuz formada yaşayır. Onların həmin ərazidə qalma ehtimalı sıfıra bərabərdir. Bunu sadəcə Ermənistan dövləti təşkil etməlidir”.

Politoloq həmin ərazilərdə məskunlaşan ermənilərin əksər hissəsinin Livan və Suriyadan gəlmə olduqlarını diqqətə çatdırıb:

“Orada məskunlaşan ermənilərin əksəriyyəti eyni Qarabağda olduğu kimi, Livandan Suriyadan gətirilmiş ermənilərdir. Onlar gəlib qanunsuz şəkildə azərbaycanlıların evlərinə giriblər və eyni zamanda kənd salıblar. Xatırlayırsınızsa, bənzər formada onlar həyasızlıqla iddia edirdilər ki, biz 25 ildir Laçında yaşayırıq və bura bizimdir. Bu məsələdə ermənilərin problemləri var. Onlar istəsə də, istəməsə də delimitasiya prosesi davam edir. Hələlik 4 kənd ətrafında işlər gedir və güman ki, yaxın zamanlarda digər sərhəd ərazilərində də davam edəcək. Kirantsın erməni sakinləri nə qədər etiraz etsə də, həmin ərazilər Qazaxın ərazisidir. Onlar oradan çıxmalıdır, başqa variant yoxdur”.


MANŞET XƏBƏRLƏRİ