Nəcməddin Sadıqov bu sirləri bildiyi üçün təhlükəlidir – Generalla bağlı sübut toplanır


Müdafiə Nazirliyində (MN) qanun pozuntuları ilə bağlı saxlanılan MN-in Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş polkovnik Məlikməmməd Qurbanov 29 apreldə məhkəmədə şahid qismində ifadə verərkən Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla bağlı danışıb. O, sabiq rəisin ona müxtəlif vaxtlarda MN-in Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədova çatdırmaq üçün 300 və 500 min manat pul verdiyini deyib.

Vaxtaşırı N.Sadıqovun adı məhkəmə proseslərində hallandırılsa da, həbsi ilə bağlı gözləntilər özünü doğrultmur.

Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Nəcməddin Sadıqovun adı 2020-ci ildən bu günə qədər müxtəlif məsələlərdə hallanır.

Ekspertin fikrincə, onun həbs edilməməsinin səbəbi məhkəmədə kifayət qədər sübutun olmamasıdır:

“Yəqin ki, məhkəmədə konkret olaraq sübut olsa, çoxdan həbs edərlər. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş polkovnik Məlikməmməd Qurbanov şahid qismində ifadə verərkən, açıq şəkildə deyib ki, Nəcməddin Sadıqov onu otağa çağıraraq, bir dəfə 300, ikinci dəfə 500 min pul verib ki, Nizami Məmmədova çatdırsın. O pul hansı məqsədlə verilib, məlum deyil. Qurbanovla bərabər bir neçə zabitin məhkəməsi gedir. Yəqin ki, hüquq mühafizə orqanlarında kifayət qədər sübutları yoxdur ki, Sadıqovla bağlı hansısa qərar qəbul edə bilmirlər”.

Nəcməddin Sadıkov Moskvaya gedib

Ü.Cəfərov Nəcməddin Sadıqovun ona şər atmasından bəhs edib:

“Nəcməddin Sadıqovun qərargah rəisi olduğu zaman mən özüm də onun şər-böhtanına məruz qalmışam. Hətta bir dəfə hərbi komissar Əliağa Hüseynova görə mənə həbs cəzası elan etmişdi. Düzdür, onu reallaşdıra bilmədi. Lakin adam məni həbsə göndərmək istəyirdi”.

Hərbi ekspert Nəcməddin Sadıqovun hazırda Azərbaycanda olduğunu deyib:

“Bir şey də var ki, Sadıqov Bakı şəhərindədir, sərbəst hərəkət edir. Adam 1993-cü ildən 2020-ci ilə qədər hərbi sahədə çalışıb, dövlət və hərbi sirlərin real daşıyıcısıdır. Bu baxımdan da çox təhlükəlidir. Çox güman ki, dünən məhkəmədə səsləndirilən məsələlərlə bağlı ən azından hakimin özünün xüsusi qərarı ola bilər. Düşünürəm, Malik Qurbanov bunu təkcə məhkəmədə deyil, ibtidai istintaqda da deyib. Yayılan xəbərlərdən sonra adam çıxıb məlumatı təsdiq və ya təkzib edə bilərdi, etmədi”.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.


MANŞET XƏBƏRLƏRİ