Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə


1919-cu il yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Hibbon Naxçıvana gəlmişdi. Onun gəlişinin əsl məqsədi diyarın iqtisadi, siyasi vəziyyəti ilə tanış olmaq, Araz Respublikası silahlı qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə Türklərin təsir dərəcəsini öyrənmək idi.

1919-cu ilin fevralında digər bir ingilis komissarı kapitan Lautenin başçılıq etdiyi nümayəndə heyəti də Naxçıvana gəlmişdi. O, Britaniya qoşun hissəsinin Dəvəlidə, Naxçıvanda, Culfada, Şahtaxtıda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlərin ingilis hakimiyyət orqanları tərəfindən həll edilməsi barədə danışıqlar aparmışdı. Naxçıvan rəhbərləri yerli muxtariyyəti saxlamaq şərtilə ingilislərin təkliflərini qəbul etmiş və hətta bir neçə ingilispərəst yerli hakimi öz hökumətlərinin tərkibinə daxil etmişdilər.

Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq mövqelərinin kifayət qədər aydınlaşmadığı bir şəraitdə bu güzəştlər başqa çıxış yolunun olmamasından və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan bölgəsinə dair suverən hüquqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərəfindən müdafiə olunmur və müxtəlif maneələrlə qarşılaşırdı. Ümumiyyətlə, Böyük Britaniya komandanlığının Naxçıvana münasibətdə ikiüzlü, ermənipərəst siyasəti narazılıq doğururdu.

1919-cu ilin mayında Naxçıvan, Şərur qəzalarının müsəlmanları özlərinin və yaşadıqları ərazinin Azərbaycan Respublikasına tabe olduğunu təsdiq etmiş və erməni silahlı hissələrini diyara buraxmamağı qərara almışdılar. Lakin ingilis komandanlığı xalqın bu haqlı tələbinə də məhəl qoymamışdı. Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi, iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnakların nizami qoşununu əzərək kənara atmışdı.

İngilislərin Naxçıvan bölgəsində olduqları müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi bu əraziyə dair öz suveren hüquqlarını müdafiə etmək, oranın təhlükəsizliyinin təminatına yardım göstərmək və azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq, ən başlıcası isə, bölgəni Quzey Azərbaycanın digər torpaqları ilə birləşdirmək sahəsində müəyyən tədbirlər həyata keçirmişdi. Bir sıra hallarda ingilislər bunlara mane olmuşdular.

İrəvan quberniyası müsəlman əhalisinə 1 milyon manat vəsait çatdırılması üçün F.Xoyski 1919-cu il aprelin 3-də məktubla Tomsona müraciət etdi. Həm də hökumət komissiyasının Naxçıvan, Şərur və s rayonlarına getməsinə şərait yaradılmasına xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə, silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər.

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan, Tiflisdəki diplomatik nümayəndələri səmərəli, işgüzar fəaliyyət göstərir, Azərbaycan rəhbərliyini və Xarici İşlər Nazirliyini obyektiv məlumatlarla təmin edir, təkliflərini çatdırırdılar. M.Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər(ermənilərə). Təkinskinin fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı.

Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında da M.Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərdi. Bununla əlaqədar F.Xoyski Azərbaycan hökumətinin məlum mövqeyini Tomsona bildirmiş, Naxçıvan rayonunun idarəsinin müvəqqəti olaraq Ermənistana veriləcəyi ilə heç vəchlə razılaşmayacaqlarını çatdırmışdı. Naxçıvan bölgəsinin müsəlmanları özlərini Azərbaycanın ayrılmaz hissəsi sayır və hökumətdən silah-sursat alacaqlarına ümid edirdilər.

Bu dövrdə Şərur-Naxçıvanda süvari dəstə və top, pulemyotlarla 6 minədək qoşun hissələri olmuşdur. Bunlar öz döyüş keyfiyyətlərinə görə ermənilərinkindən heç də geri qalmırdı. Naxçıvanlılar AXC Baş Nazirindən buraya zabit kadrları göndərməyi və 100 min manat pul buraxılmasını xahiş edirlər. Azərbaycan hökuməti Naxçıvan, Şərur, Ordubad rayonları üçün Naxçıvan Milli Şurasına 400 min manat göndərmişdi və 300 min manat göndərilməsi də nəzərdə tutulmuşdu. Xalq Cümhuriyyətinin Baş Nazirləri F.Xoyski, N.Yusifbəyli kömək edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir və qəhrəman naxçıvanlıların fəaliyyətlərini də yüksək qiymətləndirirdilər. Naxçıvan əhalisi hər vasitə ilə AXC ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün müxtəlif yollar aramışdı. Bütün bunlar isə AXC tərəfindən razılıqla qəbul olunmuş, müəyyən tədbirlər görülmüşdü.

Azərbaycan Xalq Cümhuriyyəti əlaqələrin çətinliyini nəzərə alaraq öz nümayəndəsini Qarabağ general-qubernatorunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisini təyin etmişdi. Bir qədər sonra isə Qarabağ general-qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkillik yaradılmışdı. Sonra isə Səməd bəy Cəmillinski Naxçıvanın general-qubernatoru təyin edilmişdi. S.Cəmillinskinin qərərgahı əvvəlcə Ordubadda yerləşmiş, sonra isə Naxçıvana köçmüşdü. Naxçıvan və Ordubadda yerli hakimiyyətin və silahlı qüvvələrin təşkil üçün 1919-cu ilin avqustunda S.Cəmillinskinin sərəncamına 1 milyon manat vəsait ayrılmışdı.

1919-cu ilin ikinci yarısında Zaqafqaziya məsələləri üzrə Paris Sülh Konfransı adından çıxış edən ABŞ-ın rolu kəskin surətdə artdı. Hələ 1919-cu ilin əvvəllərində Azərbaycanla ciddi maraqlanan ABŞ nümayəndələri tez-tez Bakıya səfər etməyə başlamışdılar.

Şübhəsiz, onların Azərbaycana dair planlarında mühüm strateji mövqedə yerləşən Naxçıvan xüsusi yer tuturdu!

Lakin ilk vaxtlar amerikalıların siyasəti də ermənipərəstliyi ilə ingilislərdən az fərqlənirdi. 1919-cu ilin yayında Naxçıvana gəlmiş ABŞ polkovniki Rey eyni vaxtda həm müsavatçılarla, həm daşnaklarla, həm də Türk zabiti Xəlil bəylə danışıqlar aparmışdı. O, Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu Xanla apardığı danışıqlarda Naxçıvanda ABŞ-ın general-qubernatorluğunu yaratmaq ideyasını irəli sürmüşdü.

1919-cu il avqustun axırlarında amerikalı polkovnik Paris Sülh Konfransı və Antanta İttifaqı Şurası adından AXC hökumətinə bildirmişdi ki, Naxçıvan və Şərur-Dərələyəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika general-qubernatorluğu təşkil olunacaqdır.

1919-cu il sentyabrın 1-də Haskelin Paris Sülh Konfransı adından Azərbaycan, Ermənistan hökumətlərinə göndərdiyi “Naxçıvan, Şərur-Dərələyəz qəzaları haqqında əsasnamə”də həmin fikirlər bir daha nəzərə çatdırılmışdı. Əsasnaməyə görə, Naxçıvan, Şərur-Dərələyəz qəzalarını əhatə edən rayonlar bitərəf zona elan edilir və burada bütün idarəçilik işləri Amerika general-qubernatorluğuna tapşırıldı. Bütün hərbi qüvvələr, poçt, teleqraf onun tabeliyinə verilir, vəzifəli şəxsləri general-qubernator təyin edirdi.

Lakin ABŞ-ın həmin mövqeyi AXC hökuməti və Naxçıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Çünki 20 bənddən ibarət “Haskel layihəsi” nin məzmunundan görünürdü ki, belə bir layihə amerikanlar tərəfindən hazırlana bilməzdi. Bu, müttəfiqlərin Ali Komissarı Vilyam Haskelin adı ilə elan edilmiş erməni layihəsi idi. Bu layihə Azərbaycan hökuməti tərəfindən qəbul edilmədiyi üçün sentyabrın 27-də V.Haskel birincidən o qədər də fərqlənməyən 12 bənddən ibarət ikinci layihəni Azərbaycan hökumətinə göndərmişdi.

Azərbaycan Xarici İşlər Naziri sentyabrın 29-da Haskelə yazırdı ki, onun hökuməti şərtlərin bir qisminə etiraz edir. Bununla belə hökumət Naxçıvan, Şərur-Dərələyəz qəzalarında xüsusi general-qubernatorluğun yaradılmasının əleyhinə deyildir. Azərbaycan hökuməti 12 bənddən ibarət layihə hazırlamışdısentyabr ayında polkovnik Haskelə göndərmişdi.

Layihədə göstərilirdi:

Naxçıvan, Şərur-Dərələyəz qəzalarında müvəqqəti olaraq, xüsusi general-qubernatorluq yaradılır;

General-qubernatoru Amerika vətəndaşları içərisindən polkovnik Haskel təyin edir;

Bu qəzalar ümumi, birbaşa, bərabər, gizli səsvermə yolu ilə seçilən yerli Şuralar tərəfindən idarə edilir.

V.Haskel Azərbaycan tərəfindən təqdim edilən layihəni qəbul etmədi. Sentyabr ayının ortalarında Haskel Naxçıvan, Şərur və Ordubad nümayəndələri Əli Səbri Qasımovu və K.Əsgərovu qəbul edərək bildirmişdi ki, Birləşmiş Ştatların ordu mühəndisi polkovnik Edmund Delli Naxçıvana qubernator təyin edilmişdir və bir aydan sonra öz vəzifəsinin icrasına başlayacaqdır. Nümayəndələr adından Əli Səbir Naxçıvan əhalisinin 10 bənddən ibarət olan tələblərini V.Haskelə təqdim etmişdi. Burada Naxçıvan əhalisinin bu rayona erməni qoşunu yeridilməsinə razı olmayacağı, bu qəzaların əhalisinin Ermənistan hökumətinə tabe olmayacağı və lazım gələrsə, azərbaycanlı əhalinin öz istiqlaliyyətini silahlı yolla qoruyacağı göstərilirdi.

1919-cu il oktyabrın 23-də müttəfiqlərin Ali Komissarlığından Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanlanmış aşağıdakı məlumat alınmışdı:

“Naxçıvan və Şərur rayonlarında əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan və Ermənistan hökumətləri razılığa gəldilər ki, bu iki rayon bundan sonra da ittifaq səviyyəsində idarə edilən zonada Amerika qubernatorluğunun inzibati hakimiyyəti altında qalacaqdır”.

1919-cu il oktyabrın 22-də Bakıda AXC-in rəsmi orqanı olan “Azərbaycan” qəzetində Naxşıvanda ABŞ polkovniki Edmund Delli başda olmaqla Amerika general-qubernatorluğunun təşkil olunması haqqında əsasnamə dərc edilmişdi. Bu isə çıxılmaz vəziyyətdə qalmış AXC rəhbərliyinin həmin məsələyə qeyri-rəsmi razılığı kimi qəbul edilə bilərdi.

Bununla belə, Azərbaycan hökuməti ilə Naxçıvan Milli Komitəsi arasında qardaşlıq münasibətləri əvvəlki kimi saxlanılırdı. Əldə olunmuş razılığa əsasən, AXC hökuməti 6 min nəfərlik qoşun hissələrini silahlandırmağı Naxçıvan Milli Komitəsinə vəd etmişdi. Oktyabrın 24-də Ceyms S.Rey Naxçıvana gəldi və müsəlman Milli Şurası qarşısında neytral zona yaratmaq barədə V.Haskelin bəyanatını elan etdi. Bəyanatda deyilirdi ki, Şərur, Naxçıvan dairəsində, Amerika qubernatorunun rəhbərliyi altında müttəfiq idarəçilik zonası yaradılır, polkovnik Edmund L.Delli bu zonaya qubernator təyin edilir. Ceyms Rey sərəncamla bəyanatda qeyd olunanları rəsmiləşdirdi.

Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda general-qubernator kimi deyil, Ali Komissarın nümayəndəsi kimi qaldı. Milli Şura C.Reyə məlumat verdi ki, “xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmir”. C.Rey başa düşürdü ki, neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür. Noyabr ayında C.Rey, E.Delli cəhd göstərsələr də general-qubernatorluq yarada bilmədilər, onların missiyası süquta uğradı.

Bunu görən ermənilər 1919-cu ilin sonlarında Naxçıvana yenidən hücum etdilər. Ermənistanın nizami qoşun hissələri ilə Naxçıvanın Milli Komitəsinin hərbi dəstələri arasında qanlı toqquşmalar başlandı. Bu qanlı döyüşlər amerikalıların ümidlərini doğrultmadı. Döyüş qabiliyyətini itirmiş Ermənistan ordusu heç bir müvəffəqiyyət qazanmadı. Amerikalıların gözlədiklərinin əksinə olaraq, hərbi toqquşmalar, azərbaycanlı əhaliyə qarşı törədilən qanlı cinayətlər Naxçıvan Milli Komitəsinin, müsavatçı Kəlbalı Xanın hərbi, inzibati, siyasi hakimiyyətini daha da möhkəmləndirdi. O, həmçinin xəzinəyə, dəmir yoluna, poçt-teleqrafa və vergilərin qoyulmasına nəzarəti ələ keçirdi.

Belə uğurlu vəziyyətə baxmayaraq, amerikalılardan yardım alan daşnak Ermənistanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhd göstərdi və diyarın müdafiəçilərinin vəziyyəti xeyli mürəkkəbləşdi. AXC-nin özündə siyasi böhranın dərinləşməsi Naxçıvana hərbi yardım göstərilməsini çətinləşdirdi. Düşmənin üstün qüvvələri qarşısında tək və zəif qalmış Naxçıvan rəhbərliyi kömək üçün Osmanlı dövlətinə müraciət etməli oldu. Belə cəhd öz növbəsində Naxçıvanda Azərbaycanın mövqelərini xeyli zəiflətdi. 1920-ci ilin fevralında AXC-i hökumətinin nümayəndələri Naxçıvanı tərk etməyə məcbur oldular.

Naxçıvanda hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşdi. Naxçıvan əhalisinin misilsiz qəhrəmanlığı sayəsində Şərur, Ordubad, Naxçıvan torpaqları 1920-ci ilin ortalarına doğru tamamilə erməni daşnaklarından təmizləndi. Kəlbalı Xan və onun tərəfdarlarının səyləri nəticəsində bölgədəki oyuncaq general-qubernatorluq 1920-ci ilin martında faktiki olaraq ləğv edilmiş və Naxçıvan yenidən dövlət müstəqilliyi qazanmışdı. O günlərdə Naxçıvan, Şərur, Ordubad, Vedibasar rayonu nümayəndələrinin iclası "qəti olaraq AXC-ə birləşmək” cəhdini ifadə edirdi. Naxçıvan diyarının əhalisini erməni qırğınından xilas etmək üçün Türklərin köməyinə ehtiyac duyulurdu.

Yerli əhalinin nümayəndələrinin Türk qoşunlarını Naxçıvana dəvət etmək barədə mətbuatda dərc olunmuş müraciətində də həmin reallıq öz ifadəsini tapmışdı. Elə bunun nəticəsi idi ki, 1920-ci ilin martında Əli Teymur bəy başda olmaqla yeni Türk qoşun hissəsinin Naxçıvana gəlməsi əhali tərəfindən böyük şadlıqla qarşılandı. Hadisələrin sonrakı gedişi bir daha təsdiq etdi ki, bu tədbir Naxçıvanda əhalinin yeni qırğınının qarşısını almış, diyarın gələcək siyasi taleyinin həllində, onun, məhz Azərbaycan dövlətinin tərkibində muxtariyyət əldə etməsində əhəmiyyətli, müəyyənedici rol oynamışdır.

Beləliklə, aydın olur ki, AXC hökuməti və Parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda, Naxçıvana hərbi və maddi köməkliklər göstərmiş, lakin bütün bunlarla yanaşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi, qəhrəmanlığı sayəsində Naxçıvanın ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmış və nəhayət, 1921-ci ilin martında Azərbaycanın tərkibində ona muxtariyyət statusu verilmişdir.

İsmayıl Hacıyev

AMEA Naxçıvan Bölməsinin sədri, akademik


MANŞET XƏBƏRLƏRİ