Avropa Birliyindən 8 kəndlə bağlı açıqlama – “Ermənilərin yerləşdiyi bu ərazilər...”


Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin əsasını hər iki ölkənin imzaladığı Almatı bəyannaməsi təşkil edir.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Ermənistandakı səfirliyindən bildirilib.

Səfirlik Azərbaycanın 8 kəndinin qaytarılması və sərhədlərin delimitasiya-demarkasiyası prosesi ilə bağlı ona ünvanlanan suala belə cavab verib:

“Ermənistan və Azərbaycan 1991-ci il Almatı bəyannaməsini imzalayan dövlətlərdir. Bu bəyannamə ilə 11 Sovet Respublikası inzibati sərhədlərinin beynəlxalq sərhədləri ola biləcəyini bəyan edib. Bu öhdəlik 2022-ci ildə Praqada Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən bir daha təsdiqlənib. Bu, həm də bu ölkələrin sərhədlərinin AB tərəfindən tanınması üçün əsasdır.

İnzibati sərhəd heç vaxt beynəlxalq sərhəd olmayıb, ona görə də onu düzgün delimitasiya və demarkasiya etmək lazımdır, amma bizim üçün hər iki ölkənin imzaladığı Almatı bəyannaməsi əsasdır.

Bildiyiniz kimi, AB sülh və nizamlanma prosesində, ilk növbədə, prezident Mişel səviyyəsində çağırılan liderlərin görüşləri, eləcə də AB-nin xüsusi nümayəndəsi Toivo Klaarın tərəflərlə həyata keçirdiyi gündəlik iş vasitəsilə fəal iştirak edir. Sərhədin delimitasiyası üçün bunun ikitərəfli səviyyədə həyata keçirildiyi bəllidir və biz beynəlxalq hüququn müddəaları və Almatı bəyannaməsinə uyğun həll yollarını dəstəkləyirik.

Əlbəttə, bu prosesdə bütün ərazilər, o cümlədən Azərbaycan birləşmələrinin yerləşdiyi və Ermənistan SSR-in tərkibində olan ərazilər, o cümlədən erməni birləşmələrinin yerləşdiyi və Azərbaycan SSR-in tərkibində olan ərazilər müzakirə edilməlidir.

AB həmişə hər hansı təhdidlərdən çəkinməyin, o cümlədən Ermənistan və Azərbaycan tərəfindən həll olunmamış bütün problemlərin müstəsna olaraq sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayır. Bu yaxınlarda Peter Stano da AB adından bunu vurğuladı”.

AB səfirliyinin “Azərbaycan birləşmələrinin yerləşdiyi Ermənistan əraziləri” vurğusuna gəlincə, bu, İrəvanın qondarma iddiasıdır. Ermənistan sülh və delimitasiya prosesindən yayınmaq üçün bu kimi əsassız iddialardan həmişə istifadə edir. Əksinə, Ermənistanın Azərbaycana qaytarmalı olduğu ərazilər var və bu, artıq İrəvanda rəsmən etiraf və bəyan edilib. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ