İran-İsrail savaşının görünməyən üzü – Tehrandan Bakıya “ilk işartı”


İran-İsrail gərginliyinin pik həddə çatması region ölkələrini narahat edir. Ehtimal müharibə və mövcud gərginliyin Azərbaycana təsirləri məsələsi hazırda gündəmdə olan məsələlərdəndir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İsrail İranın Suriyadakı konsulluğunu vurduqdan sonra iranlı deputatın “İsrailin Azərbaycandakı səfirliyini hədəf alaq” təklifi sözügedən savaşın ölkəmizə təsir edə biləcəyinin ilk işartısı idi:

“Əlbəttə, biz bu qarşıdurmaya qarışmayacağıq, ancaq reallıq bundan ibarətdir ki, İranla münasibətlərimizdə suallar var. İsrail ilə isə tərəfdaşlıq münasibətlərimiz davam edir. İsrail-İran qarşıdurmasının davamlı hal alması və müharibəyə keçməsi ehtimalı İranın daxilində proqnozlaşdırılması çətin hadisələrə səbəb ola bilər”.

Politoloq qeyd edib ki, İsrail-İran müharibəsinin müxtəlif ölkələrin qərarlarına təsirləri hesablanır:

“Bu sırada ABŞ və Türkiyədən tutmuş, Azərbaycana qədər bir sıra dövlətlərin adı çəkilir. Azərbaycan da İsrail-İran qarşıdurmasının və mümkün müharibəsinin müxtəlif nəticələrinə hazır olmalıdır. Türkiyə kimi Azərbaycan da qonşuluğunda müharibə istəmir, ancaq Tehranın illərdir Bakı əleyhinə açıq və gizli təbliğatını, Ermənistana dəstəyini arxa plana ata bilmərik”.


MANŞET XƏBƏRLƏRİ