Fazil Mustafaya sui-qəsdin birinci ili: "Bizi düşüncəmizdən çəkindirə bilməzlər" - MÜSAHİBƏ


Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdindən bir il ötür. O, 28 mart 2023-cü ildə silahlı hücuma məruz qalıb və hadisə nəticəsində çiyin nayihəsindən və ayağından güllə yarası alıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bir neçə gün əvvəl saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda şahidlər dindirilib. Növbəti məhkəmə martın 29-da keçiriləcək.

Modern.az hadisənin birinci ilə əlaqədar olaraq deputat Fazil Mustafa ilə həmsöhbət olub.

Deputatla müsahibəni təqdim edirik:

- Fazil müəllim, bu gün sizə qarşı sui-qəsd cəhdinin bir ili tamam olur. Bu hücum sizdə hansı izləri buraxıb?

- Bu sui-qəsdin, təbii ki, həm ayağımda, həm də qolumda ciddi fəsadları oldu. Amma həkimlərimiz müalicə prosesini çox yaxşı apardı. Ayağımda demək olar ki, fəsad qalmadı. Amma qolumda, çiynimdə qalıb. Onu da müalicə etdirirəm. Bu elə bir prosesdir ki, birbaşa müaliə etmək mümkün deyildi. Bütün hallarda yaxşıya doğru xeyli dəyişikliklər var. Hələ ki, arzuolunan nəticəyə çata bilməmişəm. Ümid edirəm ki, yaxın vaxtlarda müalicə yekunlaşacaq və müsbət nəticələr olacaq.

- Bir il ərzində yenə də hədə-qorxularla üzləşdinizmi?

- Bir il ərzində xüsusi hədə-qorxu gəlinməyib. Bu olsa belə xeyri yoxdur. Hədə-qorxunun ən böyük forması sui-qəsd idi. Çünki bizim konkret iradə və mövqeyimizi də bilirlər. Bu cür addımlar bizi öz düşüncələrimizdən çəkindirə bilməz.

- Siz hadisədən 1 il sonra özünüzü daha təhlükəsiz hiss edirsizinmi?

-Bu hadisə əslində Azərbaycana qarşı törədilib. Burada şəxslər önəmli deyil. Önəmli olan dövlətin təhlükəsizliyidir. Azərbaycana qarşı törədilən bu cür hərəkətlərin cavabı da dövlətimiz tərəfindən anında veriləcək. Azərbaycanın təhlükəsizliyi Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin fədakar əməkdaşları tərəfindən qətiyyətlə qorunur. Ona görə də bu məsələdə kiminsə, tərəddüdü olmamalıdır. Hədə-qorxularla bizi yıpratmaq mümkün deyil.

- Sizə hücum etməkdə təqsirləndirilən şəxslərin məhkəmə işi necə gedir?

-Sui-qəsd cəhdini reallaşdıran şəxslərin məhkəmə işi gedir. İran dövlətindən vəsait və tapşırıq alaraq terror aktını həyata keçiriblər. Bunu müəyyən dərəcədə şəxsi motivlərlə və başqa məsələlərlə malalamağa çalışırlar. Bu şəxslərlə mənim heç bir şəxsi münasibətim, tanışlığım olmayıb. Onlar sadəcə olaraq cəzanın yüngülləşdirilməsi üçün bəhanə irəli sürürlər. Sui-qəsd cəhdi birbaşa xarici ölkəyə işləyən satqın qrupun fəaliyyətidir. Bunlar Azərbaycan dövlətinə qarşı istənilən təxribatı törətməyə hazır, zombiləşmiş insanlardır.

- Özünüz məhkəmə prosesində iştirak edirsinizmi?

-Məhkəmə prosesində mənim vəkilim iştirak edir. Ona bütün səlahiyyətləri vermişəm. Çünki mənim vaxtım yoxdur. Rəsmi və qeyri-rəsmi fəaliyyətlərim o qədərdir ki, məhkəmədə iştirak imkanım fiziki baxımdan mümkün deyil.


MANŞET XƏBƏRLƏRİ