Qazaxın işğalda olan kəndlərindən REPORTAJ: Ermənilər nələr danışdı...


Bir neçə gün əvvəl rəsmi Bakı bəyanat yayaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndin dərhal azad edilməsini tələb edir. Söhbət Qazax rayonun işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.

Eksklav ölkənin əsas hissəsindən kənarda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan ərazidir. Qazaxın adıçəkilən 4 kəndi eksklav hesab edilmir və dərhal azad edilməlidir. Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi isə delimitasiya prosesi çərçivəsində həll ediləcək.

Turkustan.az-ın məlumatına görə, “Azadlıq” radiosunun erməni bürosu Ermənistanın işğalı altında olan kəndlərdən reportaj hazırlayıb.

Bağanis Ayrım kəndinin yaxınlığında yaşayn erməni sakinlər bu kəndin Azərbaycana məxsus olduğunu inkar etmirlər. Onlar 90-cı illərdən sonra Ermənistana keçən kəndin heç vaxt onların inzibati ərazisinə daxil olmadığını vurğulayırlar.

“O kənd sovet dövründən onlarındır, bu faktdır, bunu Nikol da bilir, mən də bilirəm, hamı bilir”, - erməni sakin deyir.

Qeyd edək ki, ermənilər uzun müddət işğal altında olan kəndlərin otlaq sahələrindən qanunsuz istifadə edib, həmin ərazilərdən öz yaşayış məntəqələrinə su xətləri çəkiblər. Yerli sakinlər deyir ki, minlərlə insan bölgəni tərk edib.

Xeyrimli kəndi yaxınlığında yaşayan ermənilər də bu kənddə öz mal-qaralarını otardıqlarını deyilər. “Kənd Azərbaycana təhvil verildikdən sonra onların müşahidə məntəqəsində görünəcək”, - sakinlərdən biri bildirib. Sakinlərin sözlərinə görə, çayın üzərindəki mövcud körpü də Azərbaycana keçə bilər.

Xatırladaq ki. Ermənistan Baş naziri Nikol Paşinyan da kəndlərin Azərbaycana məxsus olduğunu bəyan edib. "Ermənistan ərazisində heç vaxt belə adda kəndlər olmayıb", - o bildirib.

Bir neçə gün əvvəl “Hraparak” qəzetində dərc edilən məqalədə deyilir ki, baş nazir Nikol Paşinyan parlamentdə keçirdiyi qapalı toplantıda Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışıb. Münhendə də Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı müzakirə aparılıb.

Bildirilir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. Ermənistan bu kəndləri işğal etdikdən sonra özünün Tavuş rayonunun ərazisinə daxil edib. “Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda azərbaycanlı kəndləri var”, - “Hraparak” yazıb.

Hökumətyönlü mənbələrdən “Hraparak”a bildirlib ki, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi Ermənistan üçün problem yaratmayacaq. Qəzet yazır ki, Azərbaycan tərəfi əvvəlcə problemsiz əraziləri tələb edir, Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra qalan kəndlər də təslim ediləcək. (modern.az)


MANŞET XƏBƏRLƏRİ