Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını bildirib. Onun bu açıqlamasından sonra bəzi məqamlar üzə çıxıb. Məlum olub ki, M.Pənahovun heç bir yerdə işləməyən oğlu ABŞ-ın ən bahalı bölgələrindən olan Los-Ancelesdə Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa alıb.
Bu faktın aşkara çıxması Azərbaycanda müzakirələrə səbəb olub. Əsas sual budur ki, oğul Pənahov bu qədər vəsaiti hardan əldə edib. Əksər rəylərdə belə iddia var ki, bu villa Məzahir Pənahovun qanunsuz şəkildə əldə etdiyi vəsaitlə alınıb.
Bir sıra məmurların və eks-məmurların övladları niyə xaricdə yaşayır? Onlar hansı pulla ABŞ-da, Avropa ölkələrində, Britaniyada bir neçə milyonluq villalar alırlar? Dövlət bu məsələnin üstünə gedəcəkmi? Bunu hardan aldığı araşdırılsa, ortaya hansı faktlar çıxa bilər?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bildirib ki, iri məmurların övladlarının xaricdə bir neçə milyon dollarlıq villa alması və həmin villalarda yaşaması, habelə, Qərb ölkələrində böyük iqtisadi şirkətlər qurması yalnız bir həqiqətdən xəbər verir.
Onun fikrincə, iri məmurların özləri də, onların varisləri də Azərbaycana Vətən kimi baxmır, onu yadelli işğalçılar kimi talayır və yığdıqları sərvətləri öz “məmləkət”lərinə aparırlar:
“Necə ki, orta əsrlərin müstəmləkəçi ordu generalları, valiləri, əsgərləri kimi. Vaxtilə hərb sənətinin yazılmamış qanunu var idi: bir ölkəni işğal edən əsgər və zabitlərə möhlət verilirdi. Həmin müddət ərzində yadelli işğalçılar ölkəni çapıb talaya və topladıqları qəniməti öz ölkələrinə daşıya bilərdilər. Bu möhlət bitdikdən sonra müstəmləkələrdə həyat normal məcrasına dönər, heç kim başqasının əmlakına toxunmazdı. Çünki insan oğlu ibtidai icma quruluşundan əl çəkəndən bəri mülkiyyət hüququ deyilən bir anlayışı mənimsədi və bu prinsip ən fundamental insan haqqı olaraq tanındı. Bu gün belə dünyanın bütün ölkələrində həmin anlayış hakimdir və mülkiyyət hüququ digər fundamental insan haqqı – məsələn, yaşamaq hüququ qədər müqəddəs (toxunulmaz) sayılır. Nə yazıq ki, guya “proletariatın mülkədarlar üzərində qələbəsi” kimi heç bir məntiqə və hüquqa sığmayan ideologiyaları əlində dəstəvuz edən SSRİ quruldu və bu fundamental insan hüququ öz həqiqi dəyərini itirdi. SSRİ-nin dağılmasından sonra onun yetişdirdiyi sovet insanları yenə “müstəqil dövlətlərin” xırda padşahlarına çevrildilər. Beləcə, nəinki xalqın bir zümrəsinin, hətta tamamilə ölkənin varidatı talandı və bu məmurların əli ilə xaricə daşındı. Qısası, tarixdə ilk dəfə müstəmləkə dövlətlərin ən amansız talanına start verildi”.
Heydər Oğuz düşünür ki, təkcə Azərbaycanda deyil, bütün post-sovet ölkələrində və Şərqi Avropada sovetlərdən qalan məmurların “5-ci kolon”un nümayəndələri adlandırılması bu mənada təsadüfi deyil:
“Məlumdur ki, “5-ci kolon” adətən hədəf dövlətlərin içərisində gizlədilmiş, bir növ marığa yatmış imperialist tör-töküntülərinə deyilir. Onlar fiziki olaraq hədəf ölkə xalqlarının içərisindən çıxsalar da, əslində, xaricdəki imperialist qüvvələrə bağlıdırlar. Bir növ onların yerlərdəki töycübaşıları missiyasını yerinə yetirirlər. Məqsədləri rəhbərlik etdikləri sahələri sömürərək imperialist xaç atalarının məmləkətinə daşımaq, beləcə, hədəf ölkələri zəiflətmək, imperialist dövlətlərin iqtisadiyyatını gücləndirməkdir. Təəssüf ki, müstəqillik illərindən sonra Azərbaycanda fəaliyyət göstərən iri məmurların bir çoxu məhz bu proqramla işləyirlər. Onların rüşvət və korrupsiya yolu ilə mənimsədikləri dövlət əmlakını xaricə daşımaları bu baxımdan təəccüblü deyil. O da təsadüfi deyil ki, Şərqi Avropada bu ünsürlərə qarşı “Lustrasiya” siyasəti həyata keçirilir, təkcə sovet adamlarının özlərinin yox, hətta övladlarının da hakimiyyətlərdə yer tutmasına imkan verilmir”.
O ki qaldı Məzahir Pənahovun oğluna, Heydər Oğuzun fikrincə, bu adam da atasının 25 il ərzində qanunsuz şəkildə əldə etdiyi sərvətlərin hesabına zənginləşib:
“Əks halda heç bir yerdə işləməyən adamın Los-Anceles kim “sosyete” şəhərin prestijli bölgəsində 2 milyon 35 min 400 dollara dəbdəbəli villa alması, böyük ehtimalla atasının göndərdiyi “hörmət” pullarını spirtli içkilərə verib, şüşəsi ilə arvadını döyməsi heç bir məntiqlə izah oluna bilməz. Guya Azərbaycanın ən adlı-sanlı fiziki olan, ziyalı ailəsində böyüyən və bir vaxtlar Ramiz Mehdiyevin kurasiyasında fəaliyyət göstərən AMEA-dan Fizika-riyaziyyat elmləri doktoru elmi titulunu alan, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeninə layiq görülən bir adamın oğlunun əməlinə baxın. Sanki bu fizika elmləri dühası öz övladına içki şüşəsinin insan başına çırpıldığı zaman hansı fiziki dəyişikliklərə yol açdığını öyrədib. O da atasından öyrəndiklərini öz həyat yoldaşının başında sınaqdan çıxarıb. Təcrübəsiz bərbərin dəlləkliyini başqa başda öyrəndiyi kimi. Üstəlik, bu adamın təcrübəsinin sınaqdan çıxardığı baş da başqa baş deyil. Öz həyat yoldaşının, bir zamanlar sevgi nəğmələri ilə ram etdiyi bir qadının başıdır”.
Bütün bunlara baxmayaraq, siyasi şərhçi öz övladına fizika elminin sirlərini düzgün öyrətməyi bacarmayan Məzahir Pənahovun bu səbəbdən cəzalandırılacağına inanmır:
“Hakimiyyət Məzahir Pənahovu cəzalandırmaq istəsəydi, son 25 ildə bu addımı rahatlıqla atardı. Çünki bu müddət ərzində keçirilən xeyli sayda seçkilərdə yol verilən nöqsanlar Məzahir Pənahovun ən ağır cəzaya layiq görülməsi üçün kifayət idi”.