Böyük gücə qarşı yeni ittifaq: Regionda mübarizə başladı, tarixi “dost” geri çəkilir


Fransa ilə Polşa müdafiə və iqtisadi məsələləri əhatə edən yeni əməkdaşlıq sazişi imzalamağa hazırlaşır. Məlumata görə, bu qərar Rusiyanın təcavüzkar siyasəti və ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı artan qeyri-müəyyənlik fonunda iki ölkənin hərbi və strateji əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı növbəti addımdır.

Sözügedən sazişin illərdir hazırlandığı, lakin ABŞ Prezidenti Donald Trampın Rusiyaya müsbət yanaşması və Avropanın təhlükəsizlik zəmanətlərinin şübhə altına almasının sənədə yeni əhəmiyyət qazandırdığı bildirilir. Sazişin 9 may tarixində Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk tərəfindən imzalanması planlanıb. Ekspertlər bu razılaşmanı həm də ABŞ-a açıq mesaj olaraq dəyərləndirirlər.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov hesab edir ki, ABŞ-ın Şərqi Avropadakı müharibəyə yanaşmasında müşahidə olunan qeyri-müəyyənlik, Avropa daxilində strateji təşəbbüsləri gücləndirib:

“Vaşinqton, bir tərəfdən Ukraynaya hərbi və maliyyə dəstəyi göstərsə də, digər tərəfdən bəzi hallarda münaqişənin diplomatik yolla həllini təşviq edən və ya Rusiyaya qarşı qəti mövqe sərgiləməkdən yayınan açıqlamalarla çıxış edir. Bu isə Avropa İttifaqında (Aİ) ciddi narahatlığa səbəb olur. Çünki müharibə ABŞ üçün qlobal, Avropa üçün isə regional və eszistensial təhlükə daşıyır”.

Məhz bu reallıq fonunda Avropa ölkələri arasında ikitərəfli və çoxtərəfli təhlükəsizlik sazişlərinin imzalanması tendensiyası güclənir. Son aylarda Fransa, Almaniya, Polşa və Baltik ölkələrinin müxtəlif formatlarda hərbi və strateji əməkdaşlığa dair razılaşmalara getməsi təsadüfi deyil. Bu müqavilələr yalnız hərbi sahədə deyil, siyasi koordinasiyada da vahid mövqelərin formalaşmasına xidmət edir”.

kenan
Kənan Novruzov

Ekspert bildirib ki, Avropa öz gələcəyini ABŞ-dan daha az asılı şəkildə qurmaq niyyətindədir:

“Vaşinqtonun zaman-zaman tərəddüdlü mövqeyi, Avropanı öz təhlükəsizlik arxitekturasını müstəqil şəkildə formalaşdırmağa vadar edir. Qeyd olunan yanaşma Ukrayna ilə bağlı daha sərt və koordinasiyalı Qərb mövqeyinin formalaşmasına şərait yaradır. Bu isə dolayısı ilə ABŞ-ın atəşkəslə bağlı təşəbbüslərinin qarşısını ala bilər. Çünki hazırda atəşkəs Rusiyanın möhkəmlənməsi, Ukraynanın isə zəifləməsi ilə nəticələnər.

Avropa təkcə Ukraynaya dəstək göstərmir, həm də Ağ Evin dəyişkən və praqmatik xarici siyasətinə qarşı öz strateji muxtariyyətini təmin etməyə çalışır. Bu isə “post-Amerika Avropası” kimi yeni bir təhlükəsizlik arxitekturasının formalaşmaqda olduğuna işarədir”.


MANŞET XƏBƏRLƏRİ