ABŞ prezidenti Donald Tramp administrasiyasının Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) başda olmaqla bir çox kəşfiyyat qurumlarının işçilərini kompleks şəkildə ixtisar etmək planları hazırladığı iddia edilib.
Turkustan.az xəbər verir ki, məsələdən xəbəri olan bir məmur “The Washington Post”a bildirib ki, administrasiya federal hökuməti ixtisar etmək və yenidən strukturlaşdırmaq planlarının bir hissəsi olaraq kəşfiyyat orqanlarında işçilərin sayını azaldacaq.
Bu çərçivədə MKİ-də çalışan 1200 personalın ixtisar edilməsinin planlaşdırıldığını bildirən səlahiyyətli, ixtisarlara kriptologiya və qlobal elektron kəşfiyyat sahəsində fəaliyyət göstərən Milli Təhlükəsizlik Agentliyi (NSA) kimi digər kəşfiyyat qurumlarında çalışan minlərlə adamın da daxil ediləcəyini iddia etdi.
Bu arada federal hökumətin kəşfiyyat orqanlarında işçilərin sayını azaltmaq planları Demokrat Partiyasının rəsmilərinin tənqidinə səbəb olub.
ABŞ Senatının Kəşfiyyat Komitəsinin yüksək səviyyəli demokratlarından olan senator Mark Uorner məsələ ilə bağlı açıqlamasında təcrübəli kəşfiyyat işçilərini hədəf alacaq planlaşdırılan ixtisarların ABŞ-ın milli təhlükəsizliyini riskə atacağını bildirib.
Bildirilir ki, bu müddət ərzində ölkədə 200 mindən çox federal işçi işini tərk edib.
Aytən Yaşar/ Turkustan.az