Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları gəmiçilik şirkətlərinə Amerika neftini daşıyan ticarət gəmilərinə hücum edəcəkləri barədə xəbərdarlıq ediblər.
Turkustan.az xəbər verir ki, üsyançılar qərarlarını ABŞ-ın Yəmən hərəkatına qarşı hərbi kampaniyasına cavab olaraq “Amerika xam neftinin ixracı, təkrar ixracı, ötürülməsi, yüklənməsi, alınması və ya satışına qadağa qoyulması” ilə izah ediblər.
Üsyançı qüvvələr və gəmiçilik şirkətləri arasında əlaqə yaradan Husilərin nəzarətində olan Humanitar Koordinasiya Mərkəzi gəmi sahiblərini və operatorlarını mayın 17-dən qüvvəyə minəcək qadağa barədə xəbərdar edib. Sənəddə deyilir ki, Amerika neftini daşıyan gəmiçilik şirkətləri “Yəmənə və hər hansı ərəb və ya İslam ölkəsinə qarşı təcavüz etmiş şəxslər və təşkilatların sanksiya siyahısına” daxil ediləcək.
Qadağa həmçinin Amerika limanlarına yüklənən neftin daşınmasına da şamil edilir. Husilərin nəzarətində olan mərkəz bildirib ki, “ölkələrə, təşkilatlara və şəxslərə sanksiya siyahısına daxil edilmiş şirkətlərlə hər hansı bir şəkildə əməkdaşlıq etmək qadağandır”. Bundan əlavə, üsyançılar xəbərdarlıq ediblər ki, “məhdudiyyətlər şirkətlərin özləri ilə yanaşı, onların səhmlərini tutduqları təşkilatlara, onların yüksək səviyyəli menecerlərinə və faktiki sahiblərinə də şamil olunacaq”.
Aytən Yaşar/ Turkustan.az