Azərbaycan bəstəkarı İstanbul hava limanında saxlanıldı - FOTO


Azərbaycanın tanınmış bəstəkarı Tural Bayraməliyev Türkiyəyə buraxılmayıb.

Bu haqda “Yeni Sabah”a sənətkarın özü məlumat verib. Bildirib ki, martın 28-də İstanbul hava limanında növbəti qanunsuzluğa məruz qalıb.

“Ölkəyə girişim qadağan edilib, hava limanında tamamilə təcrid olundum, rabitə vasitələrindən məhrum edildim və hadisə yerinə gələn vəkilimlə görüşə icazə verilmədi. Bu mənə çox pis təsir etdi. Məni tanıyanlar bilirlər ki, hər zaman Türkiyə sevdalısı olmuşam, daim Türk bayrağına, Türk millətinə sevgi dolu şeirlər yazmışam, buna baxmayaraq mənə qarşı baş vermiş bu mənfi münasibəti qəbul olunmaz hesab edirəm”.

T. Bayraməliyev bildirib ki, o növbəti dəfə həm hüquqi, həm də ağır mənəvi sarsıntı ilə üz-üzə qalıb. “2016-cı ildə Türkiyədə yaşamaq qərarı ilə başlayan bu mürəkkəb yol, mənim həyatımdan 8 ili həbsxanada – azadlıqdan və yaradıcılıqdan uzaq keçirməmə səbəb olub. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bu prosesdəki hüquq pozuntularını tanıdığı və növbəti həlledici qərarın 9 aprel 2026-cı ildə elan olunacağı ərəfədə növbəti qanunsuzluq baş verdi.

Həyatımın ən böyük səhvi 2016-cı ildə qürbətə bel bağlamağım oldu. Bu gün məndən soruşsalar ki, nəyəsə peşmansanmı? Heç düşünmədən deyərdim: Bəli, o günə peşmanam. Mənim tək sığınacağım öz vətənim, öz dövlətimdir.

Ömrümün 8 ilini dəmir barmaqlıqlar arasında, son günlərini isə hava limanının təcridxanasında keçirdim. Tək istəyi illərdir davam edən bu "arzuolunmaz şəxs" damğasının və mənəvi işgəncənin sona çatmasıdır. İnanıram ki, aprelin 9-da çıxacaq beynəlxalq məhkəmə qərarı bu uzunmüddətli haqsızlığa son nöqtəni qoyacaq”.


MANŞET XƏBƏRLƏRİ