Ramazan ayının yaxınlaşması fonunda iş rejimi ilə bağlı bəzi suallar yenidən aktuallaşır. Xüsusilə, oruc tutanların əmək şəraiti nəzərə alınaraq iş saatlarının qısaldılması imkanının olub-olmaması maraq doğurur.
Bəs, Ramazan ayında iş saatları qısaldıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu addım yalnız qanunvericilikdə dəyişiklik ediləcəyi halda mümkün ola bilər.

Onun sözlərinə görə, hazırkı qanunvericilik iş saatlarının Ramazan ayına görə avtomatik qısaldılmasını nəzərdə tutmur:
“Bu hal yalnız qanunvericiliyə ediləcək dəyişikliklər vasitəsilə mümkündür. Açığı, bunun olacağını düşünmürəm. Digər variant isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xüsusi qərarın qəbul edilməsidir. Nazirlər Kabinetinin belə bir hüququ var. Lakin Azərbaycanda bu cür praktika indiyədək tətbiq olunmayıb”.
İqtisadçı hesab edir ki, mövcud təcrübə nəzərə alınarsa, yaxın dövrdə Ramazan ayı ilə əlaqədar iş saatlarının rəsmi şəkildə qısaldılması o qədər də inandırıcı görünmür.
Qeyd edək ki, bəzi müsəlman ölkələrində Ramazan ayında dövlət və özəl sektorda iş rejimi müvəqqəti olaraq dəyişdirilsə də, Azərbaycanda belə bir qərar indiyədək qəbul edilməyib.