Azay Quliyev: "Cənab Prezident “France-24”-ün təxribatçı suallarını lehimizə çevirdi"


Prezident İlham Əliyev “France-24” kanalına çox maraqlı müsahibə verib.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev Prezidentin ötən gün “France-24” kanalına verdiyi müsahibəni şərh edərkən bildirib.

O, qeyd edib ki, aparıcının məhkəmə hökmü ilə cəzalandırılmış erməni cinayətkarlarının əfv olunması ehtimalı, Qarabağ ermənilərinin geri qayıdışı, eləcə də Fransa-Azərbaycan münasibətlərində yaranmış gərginlik kimi müəyyən qədər təxribatçı və təhrikçi xarakter daşıyan suallarına cənab Prezident son dərəcə yüksək məntiq, soyuqqanlılıq və peşəkar diplomatik dildə cavab verib:

"Müsahibədə cənab Prezident Ermənistanla sülhün faktiki olaraq təmin olunduğunu vurğulayaraq bildirdi ki, yekun sülh müqaviləsinin imzalanması üçün əsas şərt Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Bu mövqenin açıq, birmənalı və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırılması xüsusi əhəmiyyət daşıyır.

"France 24" kanalının geniş qlobal izləyici auditoriyasını nəzərə alsaq, bu kimi həssas və siyasi baxımdan yüklü suallara cənab Prezident tərəfindən birbaşa, aydın və qəti cavabların verilməsi informasiya müharibəsi və diplomatik müstəvidə aparılan mübarizədə Azərbaycanın mövqeyinin daha dolğun, anlaşılan və qəbulolunan şəkildə təqdim olunmasına mühüm töhfə verir".


MANŞET XƏBƏRLƏRİ