Statistika müasir elmin fundamental tərkib hissələrindən biri olmaqla, ictimai-iqtisadi proseslərin öyrənilməsi, idarə olunması və proqnozlaşdırılması üçün zəruri metodoloji bazanı təmin edir. Statistik informasiya cəmiyyətin bütün sahələrində — iqtisadiyyat, demoqrafiya, səhiyyə, təhsil, kənd təsərrüfatı və digər sahələrdə qərar qəbuletmənin rasional əsaslandırılmasına xidmət edir. Bu kontekstdə Statistika Günü təkcə peşə bayramı deyil, həm də statistik mədəniyyətin təbliği və statistik savadlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2010-cu ildə qəbul etdiyi qətnamə ilə hər beş ildən bir 20 oktyabr tarixində Dünya Statistika Gününün qeyd olunmasını elan etmişdir. Bu təşəbbüsün əsas məqsədi rəsmi statistikanın səmərəli idarəetmə, inklüziv inkişaf və şəffaflıq prinsipləri baxımından əhəmiyyətini beynəlxalq miqyasda tanıtmaqdır.
Dünya Statistika Günü çərçivəsində qəbul edilən əsas prinsiplər bunlardır:
Keyfiyyətli və etibarlı məlumatların təmin edilməsi;
Peşəkar müstəqillik və obyektivlik;
Statistik istehsalda innovasiya və texnoloji inkişaf;
İstifadəçi yönümlülük və məlumatların əlçatanlığı;
Bu prinsiplər BMT-nin Rəsmi Statistika üzrə Fundamental Prinsipləri ilə uzlaşır və statistik fəaliyyətin etik və metodoloji əsaslarını təşkil edir.
Ölkəmizdə statistik fəaliyyətin tarixi Sovet dövrünə qədər uzanır. Lakin Azərbaycanda milli statistika sisteminin yaradılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda müasir statistik sistemin əsasını qoyan rəsmi struktur—Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 1994-cü ildə Ümummillli Lider tərəfindən yaradılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Rəsmi statistik orqanların formalaşması və hüquqi əsasların yaradılması nəticəsində statistika sahəsi müstəqil və peşəkar bir idarəetmə funksiyasına çevrilmişdir.
Statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi Cənab prezident İlham Əliyev Tərəfindən imzalanmış dövlət proqramları ilə daha da təkmilləşdirilmiş bu sahədə islahatlar uğurla həyata keçirilmişdir. Sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsi uğurla yekunlaşmaqdadır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində statistik metodologiyanın təkmilləşdirilməsi, rəqəmsal transformasiya və məlumatların açıq formatda təqdim olunması istiqamətində ardıcıl islahatlar həyata keçirir. Müasir metodların öyrənilməsində və tətbiq olunmasında Beynəlxalq əməkdaşlığa böyük önəm verilir. Məhz “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusuna həsr olunan 3-cü Beynəlxalq Statistika Forumunun bu yaxınlarda ölkəmizdə keçirilməsi buna əyani sübutdur. Forumda çıxış edən Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov öz çıxışında bu istiqamətə böyük önəm verildiyini vurğulayaraq demişdir: “Beynəlxalq təcrübədən bəhrələnməklə milli statistika potensialının gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsi əsas prioritetlərimizdən biridir və bu məqsədlə Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir.”
Məhz Azərbaycanda yerli və beynəlxalq təcrübələrə söykənərək uğurlu inkişaf yolu keçən Dövlət Statistika Komitəsi bu günə qədər ölkə üzrə böyük tədbirlərə imza atmışdır. Bu tədbirlərə misal olaraq ölkəmizdə müxtəlif illərdə uğurla keçirilmiş əhali və kənd təssərüfatı siyahıyaalınmalarını göstərə bilərik.
Statistika yalnız məlumatların toplanması və təqdim olunması deyil, həm də elmi əsaslarla analiz və interpretasiya prosesidir. Müasir statistikada aşağıdakı istiqamətlər fərqləndirilir:
Deskriptiv statistika: Məlumatların strukturlaşdırılması və təsviri;
İnferensial statistika: Nümunə əsasında ümumi əhali haqqında nəticələrin çıxarılması;
Ekonometriya və tətbiqi statistika: İqtisadi modellərin qurulması və proqnozlaşdırma;
Bayes yanaşmaları və süni intellektlə inteqrasiya;
Bu sahələrin inkişafı statistikanın digər elmlərlə — riyaziyyat, informatika, sosiologiya və iqtisadiyyatla sintezini gücləndirir və onu tədqiqatların çoxşaxəli alətinə çevirir.
Beləliklə, Statistika Günü təkcə peşəkar fəaliyyətin qeyd olunması deyil, həm də cəmiyyətin statistik məlumatlara etibarını gücləndirən, açıq və şəffaf idarəetməyə çağırış edən bir platformadır. Elmi cəhətdən əsaslandırılmış statistik məlumatlar olmadan effektiv dövlət siyasəti, strateji planlaşdırma və dayanıqlı inkişaf mümkün deyil. Buna görə də statistika, informasiya cəmiyyətində müasir idarəetmənin vacib atributlarından biri kimi çıxış edir və onun rolu zaman keçdikcə daha da aktuallaşır.
Əminliklə demək olar ki, bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir, məlumat mübadiləsi aparır. Statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sayəsində mümkün olmuşdur.
Şuşa Rayon Statistika İdarəsinin
rəisi Anar Xəlilov