Rusiya Prezidenti Vladimir Putinin ABŞ-a nadir torpaq metalları sahəsində əməkdaşlıq təklifi yenidən gündəmə gətirilib. Son günlər Moskvada bu mövzu ilə bağlı müzakirələr başlayıb. Rusiya tərəfi sanksiyaların ləğvi müqabilində ABŞ-ı nadir torpaq metalları ilə təmin edə biləcəyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp və Putin arasında bu istiqamətdə gizli razılaşmanın olması mümkündürmü? Moskva sanksiyaların ləğvi müqabilində nadir materialları Vaşinqtona verə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, nadir torpaq metalları və onların strateji əhəmiyyəti müasir dövrdə olduqca böyükdür:
“Bu metallara xüsusilə smartfonlar, hərbi texnika, süni intellekt sistemləri və yaşıl enerji texnologiyaları üçün böyük tələbat var. Qeyd edim ki, hazırda bazarın əsas hissəsini Çin nəzarətdə saxlayır (təxminən 60-70%). ABŞ uzun illərdir bu asılılığı azaltmaq istəyir. Rusiya da zəngin nadir torpaq ehtiyatlarına sahibdir (xüsusilə Yakutiya və Ural bölgəsində), ona görə də bu istiqamətdə anlaşma ola bilər. Hazırda Rusiya Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən texnologiya və maliyyə bazarına çıxışını demək olar itirib. Ona görə də Kreml “əsas resurs” kartından istifadə etməyə çalışır: enerji, taxıl, nadir metallar.
Rusiya sanksiyaların yumşaldılması və ya qismən ləğvi müqabilində ABŞ-a nadir torpaq metalları ixracını təklif edə bilər. Tramp əvvəl də “Rusiya ilə əməkdaşlıq ABŞ-ın maraqlarına uyğundursa, niyə olmasın?” tipli ritorikadan istifadə edib. Bir daha qeyd edim ki, Vaşinqtonun marağı Çin asılılığını azaltmaq və daha sərfəli alternativ mənbə qazanmaqdır. Amma sual yaranır: Konqres, Pentaqon və kəşfiyyat dairələri Rusiyadan strateji asılılıq yaratmağa razı olacaqlarmı? Çünki bu, milli təhlükəsizlik riski sayılır”.
Anar İsayev
Siyasi şərhçinin sözlərinə görə, tam gizli şəkildə, geniş həcmli razılaşma çətin görünür:
“ABŞ daxilində bu, siyasi qalmaqal yarada bilər. Amma ikinci dərəcəli mexanizmlərlə (məsələn, vasitəçi ölkələr üzərindən ixrac, məhdud həcmlərdə gizli satış, ya da qeyri-rəsmi barter tipli əməliyyatlar) mümkündür.
Trampın biznes yönümlü siyasətini nəzərə alsaq, o, iqtisadi qazancı önə çıxarmağa çalışar, amma bu halda ABŞ-ın siyasi elitası daxilində və Qərb dövlətləri tərəfindən ciddi müqavimətlə rastlaşar.
Vaşinqton və Moskva arasında açıq geniş əməkdaşlıqdan çox, gizli və məhdud “kanallar” üzərindən resurs tədarükünün həyata keçirilməsi ehtimal olunur.
Prinsipcə, Tramp–Putin xəttində gizli anlaşma mümkündür, çünki hər iki tərəf iqtisadi fayda görür”.