Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən icra edilən Parlaq ulduzlar-gənc istedadların tanıdılması layihəsi çərçivəsində bu dəfə rəsm və instrumental musiqi alətlərində ifa üzrə yaradıcılıq müsabiqəsi keçirildi.
QHT.az xəbər ki, tədbir gənc iştirakçıların enerjisi, yaradıcılığı və səhnə mədəniyyəti ilə seçilən, emosional və yaddaqalan anlarla zəngin oldu. Uşaqlar çəkdikləri rəsm əsərləri ilə daxili aləmlərini, düşündükləri gələcəyi və öz baxış bucaqlarını kətan üzərinə köçürdülər. Musiqi ifaçıları isə müxtəlif janrlarda təqdim etdikləri parçalarla tamaşaçılara əsl sənət zövqü yaşatdılar.
Uşaqlar pianoda, kanonda, sazda və digər instrumental musiqi alətlərində ifa etdikləri parçalarda həm texniki bacarıqlarını, həm də musiqi duyumlarını nümayiş etdirdilər. Münsiflər heyəti tərəfindən istedadlı uşaqlar yüksək qiymətləndirildi, ən yaxşı ifa və rəsmlər seçilərək avqust ayında diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqə təkcə iştirakçılar üçün yox, həm də onların ailələri, müəllimləri və digər ziyarətçilər üçün ruhlandırıcı və motivasiyaedici bir mühit yaratdı. Layihə rəhbəri Vüsalə Sadiqova (Qələndərli) bildirdi ki, Azərbaycanın müxtəlif bölgələrində istedadlar yetişir və bu istedadlara doğru zamanda dəstək verilməlidir:
"Layihənin əsas məqsədi bölgələrdəki istedadlı uşaqları cəmiyyətə tanıtmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və gələcəkdə daha geniş imkanlara yol açmaqdır. Bugünkü tədbir bizim üçün sadəcə bir müsabiqə deyil, istedadın işığa çıxmasıdır. Hər bir uşaq bu səhnədə özünün necə parlaq bir ulduz olduğunu sübut etdi. Biz bu layihə ilə göstərmək istəyirik ki, Azərbaycanın hər guşəsində parlayan gənc istedadlar var və biz onları tanımalı, tanıtmalıyıq.
“Parlaq Ulduzlar” – sadəcə bir layihə deyil, gələcəyin sənətkarlarına gedən yolun başlanğıcıdır!
Biz inanırıq ki, istedada verilən hər bir dəstək – sabaha qoyulan ən qiymətli sərmayədir. Bu gün burada gördüyümüz uşaqlar – sabahın sənətkarları, rəssamları və musiqiçiləridir. Onların istedadını üzə çıxarmaq, dəstəkləmək və ruhlandırmaq bizim borcumuzdur. Layihəyə dəstək göstərən hər kəsə –Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, valideynlərə və müəllimlərə təşəkkür edirəm. İnanıram ki, bu parlaq ulduzların yolu daim işıqlı olacaq.”-deyə layihə rəhbəri qeyd edib.
Çıxış edən münsiflər heyəti iştirakçıları uğurlu çıxışlarına görə təbrik edib: “Bu gün biz sadəcə ifaları və rəsmləri deyil, uşaqların daxili dünyasını, yaradıcı düşüncəsini və istedadını gördük. Seçim etmək çətin idi, çünki hər biri öz sahəsində parlaq idi. Belə istedadlı gəncləri izləmək gələcək üçün ümid və qürur doğurur. Əziz uşaqlar, unutmayın ki, istedad – Allah vergisidir, amma onu inkişaf etdirmək, qorumaq və böyütmək sizin əlinizdədir. Daim çalışın, məşq edin, yeni şeylər öyrənin və dayanmadan irəli gedin. Uğurun sirri – davamlı zəhmət və inamdır".
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.