Druz milisləri ilə Ərəb qəbilələri arasında şiddətli qarşıdurmalar davam edir.
Turkustan.az xəbər verir ki, Suriyanın cənubundakı Sveyda şəhərində İsrailin dəstəklədiyi druz milisləri ilə Suriya ərəb qəbilə qüvvələri arasında atəşkəs elan olunmasına baxmayaraq, qarşıdurmalar şiddətlə davam edir.
Suriya ordusunun bölgədən geri çəkilməsindən sonra druz silahlı qruplaşmalarının hücumları yenidən başlayıb və bu, ərəb qəbilələrinin silahlı cavab verməsinə səbəb olub. Sosial mediada yayılan görüntülər kütləvi qətl cəhdlərini əks etdirir. Hesabatlara görə, bölgəyə 100 mindən çox ərəb döyüşçü göndərilib.
Ali Ərəb Qəbilə və Klan Şurasının rəhbəri Mudar Hamad Türkiyənin "Yeni Şafak" qəzetindən Yılmaz Bilgənə verdiyi açıqlamada bildirib ki, Hikmət əl-Hecirinin başçılıq etdiyi druz milisləri hücumlarını dayandırmır. O deyib:
“400-dən çox şəhidimiz var. Qadınlara təcavüz olunub, ərəb evləri yandırılıb və dağıdılıb. Bütün bu vəhşiliklər İsrail və PKK-YPG-nin dəstəyi ilə həyata keçirilir. Əvvəlcə Sveydanı, sonra Qamışlını və işğal altındakı bütün ərazilərimizi azad edəcəyik.”
Hamad druz milislərinin illərdir Livan sərhədi vasitəsilə insan, silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu iddia edib. O, bölgədə yalnız druz silahlılarına deyil, eyni zamanda PKK-YPG ünsürlərinə qarşı da mübarizə apardıqlarını deyib. Onun sözlərinə görə, son toqquşmalarda şimaldan gələn snayperlər də fəal şəkildə iştirak edir.
Sveydanın həm strateji, həm də simvolik baxımdan əhəmiyyətini vurğulayan Hamad bildirib:
“Sveydada sabitlik bərpa olunmayınca bölgəni tərk etməyəcəyik. Növbəti hədəfimiz Qamışlı və PKK-nın işğalı altındakı bütün şəhərlərdir. Bu mübarizə təkcə şəhər döyüşü deyil, Suriya xalqının ölkəni parçalamaq istəyən daxili və xarici qüvvələrə qarşı açıq mesajıdır".
Aytən Yaşar/ Turkustan.az