Turkustan.az estoniyalı politoloq Peeter Taimin Globalinfo.az-a müsahibəsini təqdim edir:
– Cənab Taim, Rusiyanın Ukrayna siyasəti Baltikyanı ölkələr üçün hər hansı təhdid yaradırmı?
– Bəli, Rusiyanın siyasəti Baltikyanı ölkələr üçün tam və birbaşa təhlükədir. Baltikyanı ölkələr Rusiya Federasiyası üçün ən “asan tikə”dir. Putində belə bir təsəvvür var ki, Baltikyanı ölkələrin heç biri Ukrayna ilə eyni səviyyədə müqavimət göstərmək iqtidarında deyil. Onu da qeyd etmək çox vacibdir ki, Putinə NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi ehtimalı rahatlıq vermir. Hətta Donald Tramp ABŞ prezidenti olduqdan sonra bu vəsvəsəsi daha da artıb.
– Ukrayna savaşı hələ qaynar fazada ikən bir çoxları Rusiyanın növbəti hədəfinin Polşa olduğunu deyir. Polşanı hansısa real təhlükə gözləyirmi?
– Xeyr, düşünürəm ki, onlar əvvəlcə bizə, Baltikyanı ölkələrə hücum edəcəklər. Rusiyanın təbliğatına baxsaq, anlayarıq ki, hamı, xüsusən də bu ölkənin qonşuları narahat olmalıdır. Sadəcə hazırda Ukraynada döyüşlər davam edərkən Kremlin hər hansı bir yerdə ikinci (və ya hətta üçüncü) cəbhə açmağa qərar verməyəcəyinə kiçik bir ümid var.
– Avropa İttifaqı (Aİ) liderlərinin mayın ortalarında Ukraynaya səfərləri gözlənilir. Həmçinin ehtimal olunur ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri 8 may tarixində Lvova səfər edə bilər. Bu görüşlərin mahiyyəti və əhəmiyyəti barədə fikir bildirərdiniz.
– Ukraynaya edilən bütün bu səfərlər çox önəmlidir. Mənim üçün vacib məqamlardan biri (əlbəttə ki, digər mühüm məqamlarla yanaşı) mayın 9-da mavzoley tribunasına bir qrup cinayətkar toplaşdığı bir vaxtda 21-ci əsrin ən böyük təcavüzünün qurbanını dəstəkləməyə parlaq və sağlam qüvvələrin gəldiyini göstərməkdir.
Peeter Taim
– Qərb birliyi parçalana bilərmi? Bu halda Avropa dövlətləri üçün hansı risklər yarana bilər?
– “Qərb birliyi”nin dağılması ehtimalı yüksəkdir. Bu prosesə Rusiya Federasiyasının dağıdıcı və görünməmiş təsiri güclü təkan verir. Rusiya Qərbin həm siyasətçiləri, həm də adi seçiciləri arasında parçalanma yaratmaq üçün böyük məbləğdə vəsait xərcləyir. Əgər Qərb Rusiyadan enerji resursları almağı dayandırmasa, o zaman Qərb demokratik ölkələrinin cəmiyyətlərində xaos və çaşqınlıq yaratmağa hər zaman vəsaiti yetəcək. Bir neçə Qərb dövlətinin təcrübəsindən biz artıq görürük ki, seçicilər Rusiya Federasiyasının informasiya xarakterli psixoloji təsiri altına düşdüyü zaman hakimiyyətə hansı siyasi qüvvələr gəlir. Və təəccüblüdür ki, nədənsə bütün bu siyasi qüvvələr yekdilliklə Putinə və onun rejiminə aşiqdirlər. Qərb və ya Avropa İttifaqının dağılması bütün Qərb sivilizasiyası üçün böyük təhlükədir, çünki bu, rus təcavüzkarlarına qitə ölkələrini bir-birinin ardınca əsarət altına almaq imkanı verəcək. Bu çox acınacaqlı vəziyyətdən bir çıxış yolu da Rusiyadan nə isə almağı və onu maliyyə ilə təmin etməyi dayandırmaqdır.
– Rusiya-Ukrayna münaqişəsinin həllini necə görürsünüz?
– Münaqişənin həllinin yalnız bir yolu var – rus ordusunun bütün Ukrayna ərazisindən qovulması ilə tam hərbi məğlubiyyəti.