Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya ilə münasibətlərdə yaranan gərginliyin səbəblərinə dair diqqətçəkən fikirlər səsləndirib.
Məlumata görə, o bildirib ki, münasibətlərdəki böhran AZAL təyyarəsinin qəzaya uğramasından sonra daha da dərinləşib.
Zülfüqarov münasibətlərin pisləşməsinin əsas tətikləyicisi kimi Azərbaycanda keçirilən və “Nürnberq prosesi” adlandırılan məhkəmə işlərini göstərib.
Qeyd edək ki, Bakıda hərbi cinayətlərdə ittiham olunan Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın məhkəmə işləri davam edir. Məhkəmədə Ermənistan bir çox cinayətləri ifşa edilib.
“Düşünürəm, əsas səbəb bizim "Nürnberq prosesi"mizdir. Təqsirləndirilən şəxslərin ifadələri bu münaqişənin iki əsas tezisini – "separatizm" və "millətlərin öz müqəddəratını təyin etmə hüququ" ideyasını alt-üst etdi”, – deyə o vurğulayıb.
O bildirib ki, təqsirləndirilən şəxslər maaş və təlimatları İrəvandan alıblar, qmma orada da onları açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının agentləri adlandırırlar:
"Vardanyanı isə Rusiya (və təkcə Rusiya deyil) siyasi elitasının maliyyə sirlərini daşıyan ən böyük fiqur kimi tanıyırlar".
Tofiq Zülfüqarov, həmçinin Rusiya və Qərb xüsusi xidmət orqanlarının Qarabağ məsələsindəki mümkün əməkdaşlığına toxunaraq bildirib ki, bu istiqamətdə Azərbaycanda toplanan informasiyalar ölkəni həm daha müstəqil, həm də düşmən üçün daha təhlükəli edir.
“Hətta Rusiya və Qərbin xüsusi xidmət orqanlarının Qarabağ məsələsində "əməkdaşlığına" dair dolayı məlumat belə, dünya ictimaiyyətinə bu münaqişənin əsl məqsədlərini və mexanizmlərini açıq göstərə bilər,” – deyə sabiq nazir qeyd edib.
Tofiq Zülfüqarov bir çox vacib suallara cavab axtarır:
"Bir çoxlarını bu suallar maraqlandıra bilər: R.Vardanyan Moskvadan çıxmazdan əvvəl hansı təlimatları almışdı? R.Babayan Vaşinqtonda iki ay nə ilə məşğul idi? USAID hansı fəaliyyətləri həyata keçirirdi və Brüssel ilə Parisdən ayrılan "humanitar" layihə maliyyələri əslində nəyə yönəlmişdi?
Dürüst desək, bir çox şeyləri biz onsuz da təxmin edirdik və bilirdik. Amma təxminlər bir şeydir, şahid ifadələri, protokollaşdırılmış dəlillər və məhkəmə qərarları isə tamam başqa.
Rusiya nümayəndələri, onların "qərbli tərəfdaşlarından" fərqli olaraq, "leytenant Şmidtin uşaqlarının" azad olunmasına çağırış etməyiblər, amma bu, onların bunu qapalı şəkildə etmədiyi anlamına gəlmir.
Düşünürəm, son və bəlkə də gələcək hadisələrin əsas səbəbi də məhz budur"./modern.az