MÜRACİƏT EDƏN ÇOX, QALİB OLAN AZ... – “Green card” qazanmaq şansı hansı ölkələrdə daha yüksəkdir?


Məlum olduğu kimi, may ayının 4-də Amerika Birləşmiş Ştatlarının “Müxtəliflik Vizası” Proqramının (“Green card”) DV-2025 üzrə nəticələri açıqlanıb. ABŞ-də daimi yaşamaq, təhsil almaq və çalışmaq hüququ verən bu proqram hər il, bəzi ölkələr istisna olmaqla (5 il ərzində ABŞ-yə 50 mindən artıq miqrant göndərən –red.), bütün dünyada həyata keçirilir. ABŞ 1990-cı ildən bəri tətbiq etdiyi bu proqramla ölkə əhalisi arasında mədəniyyət müxtəlifliyini artırmağı hədəflədiyini bildirsə də, əsas məqsəd müxtəlif ölkələrdə yaşayan bacarıqlı peşə sahiblərini ölkəyə gətirib, ABŞ-ni fasiləsiz şəkildə “beyin axını” ilə təmin etməkdir.

İldə bir dəfə keçirilən proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur, seçim isə adi lotereya kimi proqram alqoritmi tərəfindən təsadüfi qaydada aparılır. “Green card” qaliblərinin ABŞ-də yaşamaq və işləmək hüququ isə 5 ildir. Buna baxmayaraq, 5 ilin sonunda ABŞ vətəndaşı olmaq da mümkündür. Hər kəsə müəyyən imtahanlardan keçdikdən sonra mövcud ölkənin vətəndaşlığından çıxmadan, ikili vətəndaşlıq hüququ qazanmaq kimi bir şans verilir.

Qeyd edək ki, sözügedən proqramda iştirak etmək üçün ən azı orta məktəb məzunu olmaq şərtdir. Təhsil və iş təcrübəsi ilə bərabər “Green card”ı almaq üçün 18 yaşdan yuxarı, müraciət üçün uyğun olan ölkələrdən birinin vətəndaşı olmaq vacibdir. “Green card” alan şəxslər ABŞ vətəndaşları ilə eyni hüquqa malik olduqlarından bu ölkəyə ayaq basdıqları ilk gündən, dövlət təhlükəsizlik orqanları istisna olmaqla, istənilən bir işdə çalışa bilərlər.

Açıqlanan məlumatara görə, “Green card” proqramı vasitəsilə hər il təxminən 50 mindən artıq şəxs ABŞ-yə köç edir. Lakin “Green card” qalibi olmaq sizin mütləq qaydada ABŞ-yə gedə biləcəyiniz anlamına da gəlmir. İlk növbədə qalib olduqdan sonra müraciət zamanı sistemə daxil edilən məlumatların, sonrakı mərhələdə isə ABŞ səfirlyinə təqdim ediləcək sənədlərin doğruluq payı yoxlanılır. Bu sənədlərdəki hər hansı kiçik bir səhv “yanlış məlumat” kimi qiymətləndirilir və səfirlik şəxsin müraciətinə imtina cavabı verir. Onu da qeyd edək ki, qaydalara görə, Azərbaycanda yaşayan “Green card” qalibləri viza görüşünü Gürcüstandakı ABŞ səfirliyində keçirirlər.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də “Green card” proqramına maraq hər zaman böyük olur. Bu proqrama hər il ortalama 70-90 min arası şəxs müraciət edir. Statistik təhlillərə görə, Azərbaycan vətəndaşlarının “Green card” müsabiqəsində qalib olma şansı olduqca aşağıdır. Daha dəqiq desək, müraciət edən hər 100 nəfərdən təqribən biri qalib olur. Məsələn, 2019-cu ildə “Green card”a müraciət edənlərin sayı 93736 nəfər olubsa, onlardan cəmi 1203 nəfəri qalib olub. 2020-ci ildə 91137 müraciətçidən 899-u, 2021-ci ildə isə 52569 müraciət edəndən 1439-u qalib gəlib. 2022-ci ildə 919, 2023-cü ildə 1260, 2024-cü ildə isə 2046 nəfər “Green card” qazanıb. DV-2025 müsabiqəsinin nəticələri bəlli olsa da, qaliblərin sayı hələlik məlum deyil.

Qeyd edək ki, hər ölkə üzrə “Green card” kvotasını ABŞ özü müəyyən edir. Dünya miqyasında götürsək, ötən il “Green card” müsabiqəsində 172 ölkədən 22 milyon 185 min 619 nəfər (ailə üzvləri daxil olmaqla-red.) iştirak edib və onlardan cəmi 143 min nəfəri qalib olub. Ötən il 54 min 850 nəfər “Green card” vizası ala bilib. Ən çox “Green card” qalibi Özbəkistandan (5555 nəfər) olub. İkinci sırada Rusiya (5514 nəfər), üçüncü sırada isə Misir (5509 nəfər) qərarlaşıb. Afrika qitəsindən proqramda 50 ölkənin vətəndaşı iştirak edib. Ən çox “Green card” vizası alan ölkələr – Misir (5509 nəfər), Əlcəzair (5142 nəfər), Mərakeş (4250 nəfər), Kamerun (3485 nəfər), Efiopiya (3034 nəfər), Kenya (3760 nəfər), Konqo (2580 nəfər), Somali (2382 nəfər), Liberiya (2208 nəfər), Togo (2105 nəfər), Qana (2088 nəfər) olub.

Asiyadan proqrama 28 ölkənin vətəndaşı qatılıb. Ən yüksək nəticəyə Əfqanıstan (4536 nəfər), Nepal (3863 nəfər), Yemən (3485 nəfər), Şrilanka (2622 nəfər) nail olub.

Ölkə üzrə ən çox iştirakçı sayı isə Avropa qitəsindən olub – 57. Özbəkistandan 5555 nəfər, Rusiyadan 5514 nəfər, Qırğızıstandan 4464 nəfər, Ukraynadan 4286 nəfər, Ermənistandan 3869 nəfər, Türkiyədən 3684 nəfər, Tacikistandan 3580 nəfər, Albaniyadan 2667 nəfər, Belarusdan 2418 nəfər, Azərbaycandan isə 2046 nəfər “Green card” qazanıb. Şimali Amerikadan 1, Avstraliya və Okeaniyadan 16, Cənubi Amerikadan isə 20 ölkə “Green card” müsabiqəsində iştirak edib.

Aparılan araşdırmalara görə, “Green card” müsabiqəsində iştirak edən şəxsin qazanma şansının ən yüksək olduğu ölkə Ficidir (7,07%). İkinci sırada Yeni Zelandiya (4,68%), üçüncü sırada isə Avstraliya yerləşir (4,07). Ermənistanda müvafiq göstərici 1,73%-ə, Gürcüstanda 1,54%-ə), Azərbaycanda isə 1,22%-ə bərabərdir.

“Green card” müsabiqəsində qalib olma şansı daha yüksək olan ölkələri təqdim edirik:

- Fici 7,07%;

- Yeni Zelandiya 4,68%;

- Avstraliya 4,07%;

- Bosniya və Herseqovina 1,90%;

- Qazaxıstan 1,87%;

- Belçika 1.78%;

- Ermənistan 1,73%

- Danimarka 1,64%;

- Latviya 1,64%;

- Liviya 1,64%;

- Sloveniya 1,59%;

- Gürcüstan 1,54%;

- Finlandiya 1,53%;

- Rusiya 1,42%;

- Polşa 1,35%;

- Belarus 1,28%;

- Türkiyə 1,28%.

/azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ