Türkiyə ilə İraq arasındakı tarixi razılaşmadan sonra ABŞ-dan ilk açıqlama


ABŞ Türkiyə ilə İraq arasında "İnkişaf Yolu" layihəsi müzakirələrindən sonra Bağdad iqtisadiyyatının "şaxələndirilməsi" səylərini dəstəklədiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü “İnkişaf Yolu” layihəsi çərçivəsində Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanan anlaşma memorandumu ilə bağlı AA müxbirinə qiymətlər verib.

ABŞ-İraq Yüksək Koordinasiya Komitəsinin iclasında İraqın İnkişaf Yolu Layihəsi ilə bağlı planlarını ABŞ ilə paylaşdığını ifadə edən sözçü, " İraq iqtisadiyyatını şaxələndirən və regional inteqrasiyanı təşviq edən bütün səyləri dəstəkləyirik " dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Bağdad hökumət sarayında İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb və tərəflər arasında 26 əməkdaşlıq müqaviləsi imzalanıb.

İclasda İraq, Türkiyə, Qətər və BƏƏ arasında İnkişaf Yolu Layihəsində əməkdaşlığa dair dördlü anlaşma memorandumu qəbul edilib.

Layihə İraqın cənubundakı Bəsrə şəhərindəki Böyük Fav Limanından başlayacaq, Divaniyyə, Nəcəf, Kərbəla, Bağdad və Mosuldan keçərək Türkiyə sərhədinə qədər uzanacaq dəmir yolu və avtomobil xətlərini əhatə edir.

İnkişaf Yolu Layihəsi ilə Türkiyə sərhədindən Mersin Limanına çıxışın təmin edilməsi və quru yolu ilə İstanbul üzərindən Avropaya çatdırılması nəzərdə tutulur.

Limandan Türkiyə sərhədinə çatacaq İnkişaf Yolu Layihəsi, Çinin İpək Yolu birbaşa İraqdan keçmədiyi üçün mümkün regional münaqişə və müharibə vəziyyətində alternativ variantlardan biridir.

Layihənin Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə Çin və Avropa arasındakı məsafəni qısaltmaqla vaxt və xərclərə qənaət edəcəyi gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ