Bu gün, iyunun 7-də Ermənistanda təxminən 2,5 milyon qeydiyyatda olan seçici sandıq başına gedir. Bu səsvermə təkcə yeni baş nazirin kimliyini deyil, həm də ölkənin gələcək geosiyasi xəttini müəyyən edəcək. Müxalifətin Rusiya, hakim partiyanın isə ABŞ və Avropa İttifaqı tərəfindən açıq şəkildə dəstəkləndiyi bu seçki marafonunun Cənubi Qafqazda geosiyasi rəqabəti daha da alovlandıracağı şəksizdir.
Turkustan.az xəbər verir ki, politoloq Fərhad Məmmədovun təhlili məhz bu məqamlara işıq tutur. Təhlildə vurğulanan əsas tezislər aşağıdakılardır:
Paşinyan, yoxsa "Kaluqa oliqarxı"?
Seçkilərdə 18 siyasi qüvvə iştirak etsə də, əsas mübarizə rusiyayönümlü revanşistlər ilə hakim "Vətəndaş Müqaviləsi" partiyası arasında gedir. Rəy sorğularına görə, Nikol Paşinyanın partiyası qələbəyə daha yaxındır. Rusiyalı milyarder Samvel Karapetyanın dəstəklədiyi "Güclü Ermənistan" partiyasının isə ikinci yeri tutacağı proqnozlaşdırılır.
Yüz milyonlarla dollar və "seçki korrupsiyası"
Seçki kampaniyası dövründə erməni biznes elitası müxalifətin qələbəsi üçün yüz milyonlarla dollar xərcləyib, seçicilərin nağd pulla ələ alınması faktları qeydə alınıb. Bu səbəbdən Karapetyanın onlarla tərəfdarı, o cümlədən "Güclü Ermənistan"ın siyahısında olan 6 deputatlığa namizəd rüşvət ittihamı ilə saxlanılıb. Müxalifət isə öz növbəsində Paşinyanı inzibati resurslardan həddindən artıq istifadədə ittiham edir.
Rusiyanın təzyiqləri və Qərbin kəşfiyyat hesabatı
Seçki ərəfəsində Moskva İrəvana qarşı siyasi və iqtisadi təzyiqləri kəskinləşdirib. Ermənistan mallarının Rusiyaya girişi fitosanitar bəhanələrlə bloklanıb, rus rəsmiləri isə "Ukrayna ssenarisi" barədə xəbərdarlıqlar ediblər. Hətta Rusiya səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Digər tərəfdən, "Euronews" telekanalının *"Reuters"*ə istinadən yaydığı kəşfiyyat məlumatlarına görə, Qərb xüsusi xidmət orqanları Rusiyanın bitərəf seçicilərə təsir etmək üçün geniş dezinformasiya kampaniyası apardığını və Rusiya vətəndaşı olan ermənilərin səs vermək üçün kütləvi şəkildə İrəvana daşındığını aşkarlayıb. Moskva isə bu iddiaları təkzib edir.
Müxalifətin planı və ATƏT missiyası
Müxalifətin ən yaxşı ssenarisi seçkidə mütləq çoxluq qazanmaq deyil, Paşinyanın təkbaşına hökumət qurmaq üçün lazım olan 54%-lik mandatı yığmasına mane olmaq və kiçik partiyalarla koalisiya yaratmaqdır. Bu ssenari real görünsə də, ehtimalı azdır. Seçki prosesini ATƏT-in Janez Lenarçiçin rəhbərlik etdiyi 250 nəfərdən çox müşahidəçi missiyası izləyir.
İqtisadi asılılıq və regionun gələcəyi
Hindistanın "The Eastern Herald" nəşrinin yazdığına görə, seçkilərin nəticəsindən asılı olmayaraq, Ermənistanın Rusiya ilə iqtisadi bağlarını qısa zamanda qırmaq qeyri-mümkündür. Erməni ailələrin Rusiyadan gələn pul köçürmələrindən asılılığı, Rusiya qazı və Aİİ bazarı İrəvanın Avropaya gedən yolunu illərlə davam edəcək ağrılı islahatlardan asılı edir.
Sonda müəllif qeyd edir ki, Cənubi Qafqazda formalaşan yeni sülh arxitekturasının taleyi bu seçkilərdən birbaşa asılıdır. Rusiyayönümlü qüvvələrin "Qarabağ kartı"nı yenidən dövriyyəyə buraxmaq və sülh şərtlərini təftiş etmək cəhdləri regionu yeni eskalasiyaya sürükləyə bilər.
Paşinyanın qələbəsinin bu riskləri tamamilə neytrallaşdırıb-neytrallaşdırmayacağı və Rusiyanın hansı digər rıçaqları işə salacağı isə hələlik açıq sual olaraq qalır. (Mənbə: Haqqin.az)