ABŞ-ın yeni F-47 təyyarələrinin texnologiyaları gizli saxlanılır


Qiyməti, dizaynı və performansı ilə bağlı uzun müddətdir müzakirə olunan F-35-dən sonra, 6-cı nəsil qırıcı təyyarə kimi təqdim edilən F-47 layihəsi qlobal müdafiə mediasının diqqətini cəlb edib.

Turkustan.az xəbər verir ki, ABŞ-da aparılan təhlillər yeni platformanın süni intellekt əsaslı döyüş arxitekturası və pilotsuz sistemlərlə inteqrasiyası sayəsində “növbəti nəsil hava dominantlığı” konsepsiyasında mühüm rol oynayacağını göstərir. Bununla yanaşı, layihəyə dair texnoloji məlumatlar hələ də məxfi saxlanılır.

Konqresdə F-35 proqramı ətrafında aparılan araşdırmalardan sonra ABŞ-ın altıncı nəsil hava üstünlüyü layihəsi olan F-47 ilə bağlı bəzi detallar üzə çıxmağa başlayıb. Pentaqon mənbələrinə əsaslanan “National Security Journal” (NSJ) nəşrinin təhlilində bildirilir ki, bu təyyarə əsasən Sakit okean regionunda Çinə qarşı mümkün hərbi ssenarilər nəzərə alınaraq hazırlanır.

Məlumata görə, F-47-nin uçuş məsafəsi F-35 ilə müqayisədə xeyli böyük olacaq. Eyni zamanda, süni intellektlə dəstəklənən idarəetmə sistemləri vasitəsilə bir neçə pilotsuz uçuş aparatını paralel şəkildə idarə etmək qabiliyyətinə malik olması planlaşdırılır. Buna baxmayaraq, layihənin texniki xüsusiyyətləri ciddi şəkildə qorunan sirr olaraq qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ