İran qonşularını vurmağa davam edəcək - EKSPERT RƏYİ


"Vaşinqton beynəlxalq hüquqa riayət edərsə və İranın qırmızı xətlərini nəzərə alarsa, ABŞ ilə ədalətli razılaşma əldə edilə bilər".

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib. Onun sözlərinə görə, İran regionda sülhü və uzunmüddətli sabitliyi təmin edəcək balanslaşdırılmış və ədalətli sazişin bağlanmasına hazırdır. Prezident əlavə edib ki, İran balanslı və ədalətli razılaşmaya nail olmaq üçün "tam hazırdır".

Tehranın əsas tələbləri isə bunlardır:

- Hörmüz boğazında təhlükəsizliyin təmin olunması;
- Sanksiyalar və münaqişələr nəticəsində dəyən iqtisadi və infrastruktur itkilərinin ödənilməsi;
- Xaricdə dondurulmuş İran vəsaitlərinin azad edilməsi.

Bu mövqe göstərir ki, İran danışıqlarda sərt və prinsipial xətt tutur və yalnız bu şərtlər daxilində kompromisə hazırdır.

Siyasi şərhçi Azər Qasımov mövzu ilə bağlı Bakivaxti.az-a deyib ki, Tehranın hadisələrin gedişində artıq geri çəkilmək kimi bir lüksü yoxdur.

Analitik vurğulayıb ki, ölkə, onsuz da, hücum altındadır və dövlət rəsmilərinin əksəriyyəti öldürülüb:

“İranda bir çox hərbi və infrastruktur obyektləri məhv edilib. İndi də ABŞ Hörmüz boğazından gəmilərin, xüsusən İranla əlaqəli gəmilərin keçidinə imkan verməyəcək. Bu, İran üçün öldürücü amildir. Ölkənin maliyyə gəlirləri ciddi şəkildə azalacaq. Bu durumda Tehranın ətrafına hücum etməkdən başqa yolu qalmır. Pezeşkian da öz bəyanatı ilə buna zəmin hazırlayır”.

Azər Qasımov: "Bu durumda Tehranın ətrafına hücum etməkdən başqa yolu qalmır".

Müsahibimizin sözlərinə görə, tərəflərin artıq hərbi yolla münasibətlərinə aydınlıq gətirməkdən başqa yolları qalmayıb: “Ən azı hələlik bir müddət hərbi qarşıdurma yolu ilə davam etmək istəyirlər”.

Ekspert bəyan edib ki, bir müddətdən sonra daha aydın mənzərə hasil olacaq ki, kimin hərbi gücü daha davamlıdır və üstünlük kimdədir:

“Hesab edirəm ki, İran hakimiyyəti son həmlələrini edir və əlindəki kartları zəifləyir. Amma ümid edirik ki, dini fanatizmin gətirdiyi “özgüvən” ilə İran ölkənin daha da məhvə getməsinə şərait yaratmaz”.


MANŞET XƏBƏRLƏRİ