“ABŞ Prezidenti Donald Trampın İrana qoyduğu vaxtın bitməsinə təxminən bir saat qalmış atəşkəs razılaşması əldə olunub”.
Turkustan.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“Ağ Ev İsrailin də atəşkəsi qəbul etdiyini açıqlayıb. Tramp Tehrandan 10 maddəlik təklif aldığını və bunun danışıqlar üçün işlək baza ola biləcəyini bildirib. Məlumata görə, İran yalnız müharibənin bitməsini qəbul edəcək, amma detallar Pakistan vasitəsilə Ağ Evə təqdim edilən 10 maddəlik sülh planına uyğun yekunlaşdırılmalıdır”, – deyə nəşr yazıb.
Qəzet sözügedən maddələri İran dövlət mediasına istinadən yayımlayıb:
– İran üzərində bütün sanksiyaların ləğvi;
– İranın Hörmüz boğazı üzərində davamlı nəzarəti;
– ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdən çıxarılması;
– İran və onun müttəfiqlərinə qarşı hücumların dayandırılması;
– Dondurulmuş İran aktivlərinin sərbəst buraxılması;
– Hər hansı razılaşmanının qarantı olan BMT Təhlükəsizlik Şurası qətnaməsi.
“The Guardian” İranın xarici işlər naziri Abbas Əraqçinin çıxışını vurğulayıb:
“Nazir bildirib ki, Hörmüz boğazına təhlükəsiz keçid İran hərbi idarəçiliyi altında təmin olunacaq. Lakin bu, İranın su yoluna tam nəzarəti yumşaldacağı mənasına gəlirmi, bu məlum deyil.
Məlumatlara görə, plan İran və Omana boğazdan keçən gəmilərdən hər biri üçün 2 milyon dollaradək ödəniş almağa imkan verir. Tehran isə topladığı vəsaiti bərpa işlərinə xərcləyəcək. Əgər sülh danışıqları uğursuz olarsa, Tehran boğazı yenidən bağlamağı nəzərdən keçirə bilər”.
Qəzet qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti saxlamaq tələbi xüsusilə narahatlıq doğurur:
“Çünki münaqişə başlamazdan əvvəl İran bu boğaz üzərində heç bir nəzarətə malik deyildi. Demokrat senator Kris Merfi düşünür ki, əgər bu razılaşma İrana boğazı idarə etmək hüququ verirsə, bu, dünya üçün fəlakət deməkdir. Donald Tramp isə birbaşa İranın tələbləri barədə şərh verməyib, amma ABŞ-ın Hörmüz boğazındakı tıxacın həllinə kömək edəcəyini deyib. Ekspertlər və analitiklər bildirirlər ki, Vaşinqton İranın maksimalist tələblərini qəbul etməyəcək, amma bu, danışıqların əsasını təşkil edəcək./Globalinfo.az