Köçəryan hərəkətə keçdi - Oğlunun baş nazir olmasını İSTƏYİR


Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində öz oğlu, “Hayastan” fraksiyasının deputatı Levon Koçaryanı partiya siyahısında birinci yerdə göstərməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti eks-prezidentin komandasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, son aylarda Levon Koçaryan ölkənin müxtəlif bölgələrinə səfərlər edir, seçicilərlə görüşlər keçirir və gələcək kampaniyaya hazırlaşır.

Qəzet yazır ki, 2021-ci ildəki ssenarinin təkrarlanması, yəni siyahıya Robert Köçəryanın başçılıq edilməsi və oğlunu siyahıda arxa mövqedə götərməsi bu dəfə mümkün görünmür. “Komanda anlayır ki, əvvəlki nəticələri təkrarlamaq çətindir. Belə olan halda həm atanın, həm də oğulun ilk onluğa daxil edilməsi düzgün hesab edilmir”, - məqalədə qeyd olunur.

Nəşr xatırladır ki, Robert Köçəryan son mətbuat konfransında gələcək seçki siyahısının tərkibi ilə bağlı suala cavab verərkən hər şeyin sosioloji nəticələrdən asılı olacağını bildirmişdi: “Kim daha yüksək reytinqə malik olacaqsa, siyahının başında o olacaq”.

Eks-prezident, həmçinin oktyabrın 7-də komandasının 2026-cı il parlament seçkilərində iştirak edəcəyini elan edib.

Qeyd edək ki, Ermənistanda seçki siyahısında birinci yerdə göstərilən şəxs baş nazir postuna əsas namizəd sayılır. Bu baxımdan Levon Köçəryanın siyahının önündə yer alması onun baş nazirliyə potensial namizəd kimi irəli sürüləcəyini göstərir. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ