Düşənbə epizodu - Putin bir sualı ilə Paşinyanı ifşa etdi: Tərəfini seç!


Düşənbədə keçirilən MDB sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ticarət dövriyyəsi mövzusunda maraqlı epizod yaşanıb. Putin iclas zamanı Paşinyana sual verib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi hazırda hansı səviyyədədir. Paşinyan 2025-ci ildə 4 milyard dollar, ötən il isə 9 milyard dollar olduğunu bildirib.

Putin rəqəmlərlə razılaşmayaraq deyib:

“Daha çox. Ötən il daha çox olub və bu il də çox olacaq. Bu, aydındır”.

Paşinyanın cavabı yalnız “Ola bilər” ilə məhdudlaşıb.

Rəsmi məlumatlara görə, 2024-cü ildə Ermənistan-Rusiya ticarət dövriyyəsi 12 milyard dolları aşaraq 2023-cü ilə nisbətən 1,6 dəfə artıb. Bu fərq Paşinyanın re-export əməliyyatlarını gizlətməyə çalışması ilə izah olunur. Ermənistan Rusiyadan idxal etdiyi məhsulları üçüncü ölkələrə yönləndirərək ticarət dövriyyəsini aşağı göstərməyə çalışır, Putin isə bunu açıq şəkildə ifşa edib.

2024-cü ilin 1 yanvarından Avropa İttifaqı Rusiya almazlarının idxalını qadağan edib. Lakin Almaniyanın “Bild” saytının araşdırmasına görə, Moskva bu qadağanı müxtəlif sxemlərlə aşaraq almaz ixracını davam etdirir. ABŞ, Kanada və Böyük Britaniya isə 2022-ci ildən “Alrosa” konserninə sanksiya tətbiq edib. “Alrosa” Rusiyada hasil edilən almazların 97%-nə nəzarət edir.

Araşdırmaçı jurnalistlərin “Arctida” layihəsi çərçivəsində ortaya çıxardığı məlumata görə, “Alrosa” sanksiyaları aşmaq üçün “RVK” adlı vasitəçi şirkət yaradıb. Formal olaraq şirkət əvvəllər “Alrosa”da işləmiş bir qadının adına rəsmiləşdirilib.

Sxem belə işləyir: işlənməmiş almazlar əvvəlcə Ermənistana göndərilir, orada cilalanır və beləliklə, onların “rus mənşəyi” formal olaraq itirilir. Daha sonra bu almazlar Hindistana, BƏƏ-yə və ya Çinə satılır, satış zənciri isə sonda Avropa İttifaqının almaz sənayesinin mərkəzi olan Antverpenə qədər uzanır.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin 2025-ci il oktyabrın 3-də açıqladığı araşdırma nəticələri göstərir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyə qaynaqlarından biri Ermənistan üzərindən aparılan idxal-ixrac əməliyyatlarıdır.

Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı rəqəmlərə görə, son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına qədər yüksəlib. 2021-ci ildə Rusiyadan cəmi 1,8 milyard dollarlıq məhsul idxal edən Ermənistan 2024-cü ildə bu rəqəmi 9,2 milyard ABŞ dollarına çatdırıb. Bunun da 75%-i qiymətli və yarı-qiymətli daşlar, qiymətli metallar üzrədir.

NATİQ CEFERLİ.jpg (27 KB)

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, 2022-ci ildə sərt sanksiyalar qüvvəyə mindikdən sonra Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi bir il ərzində iki dəfə artıb:

“Ermənistan Rusiyaya 4 dəfəyə yaxın məhsul ixrac edib, Rusiyadan Ermənistana pul köçürmələri isə 5 dəfəyə yaxın artaraq 4 milyard dollara çatıb. Burada baş verən artımlar qeyri-təbii və sanksiyalardan yan keçmə mexanizmləri ilə bağlıdır”.

Beləliklə, Ermənistanın idxal-ixrac əməliyyatları Rusiya üçün qeyri-rəsmi sanksiya dəlikləri rolunu oynayıb. Məsələn, elektrotexnika məhsulları və bahalı avtomobillərin ehtiyat hissələrinin ixracı bir ildə 10-12 dəfəyə qədər artıb, bu da Ermənistan vasitəsi ilə Rusiyanın sanksiyalardan yayınmasının nəticəsidir.

XALİD SON.png (554 KB)

İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan baş naziri paralel ixracı gizlədir:

“Paşinyan bu məsələdə adının hallanmamasına çalışır. Beynəlxalq ticarət statistikası da göstərir ki, 2022-ci ildən sonra Rusiya ilə Ermənistan arasında dövriyyələr kəskin şəkildə artıb. 2024-cü ildə Ermənistanın Rusiyaya ixracı ilk dəfə artmışdı. Hər kəs bilirdi ki, bu nəticə Ermənistanın Rusiyaya tətbiq olunan sanskiyalardan istifadəsi ilə bağlıdır. Erməni sahibkar və şirkətlər bundan xeyli pul qazanır. Putin isə Paşinyana deyir ki, sən bu işdən pul qazanırsan, mənim yanımdasan, hesabıma varlanırsan, indi isə tərəfini bəlli et. Onlar arasındakı mübahisə bununla bağlı idi. Ermənistan Rusiya-Ukrayna müharibəsindən ən çox qazanan ölkə olub”.

Düşənbədəki MDB sammiti zamanı Putinin Paşinyana iradları və Ermənistanın re-export vasitəsi ilə sanksiyalardan yayındırılması faktları göstərir ki, Rusiya-Ermənistan iqtisadi əlaqələrində şəffaflıq ciddi problem olaraq qalır.


MANŞET XƏBƏRLƏRİ