Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün diplomatik səylər davam edərkən, ABŞ prezidenti Donald Tramp qarşıdakı iki həftə ərzində nə olacağını anlayacaqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə hazırkı şəraitdə Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş ehtimalını istisna edib.
Zelenski isə Rusiyanın hücumlarına işarə edərək, Moskvanın görüşdən yayınmağa çalışdığını bildirib.
Diplomatik proses davam edərkən, Ukrayna yeni silahlarını təqdim etməyə davam edir.
Ötən həftə “Flamingo” (FP-5) qanadlı raketini təqdim edən Ukrayna bu dəfə təkmilləşdirilmiş “Neptun” qanadlı raketini təqdim edib.
“Kyiv Independent”in məlumatına görə, “Neptun” qanadlı raketi artıq Ukrayna ordusunun inventarındadır, lakin yeni nümayiş etdirilən model təxminən 1000 kilometr uçuş məsafəsinə malikdir. 300 kilometr mənzilli əvvəlki Neptun modelinin Rusiyanın Qara dəniz donanmasına qarşı istifadə edildiyi bilinir.
Neptundan əvvəl təqdim edilən digər qanadlı raket Flamingo (FP-5) idi.
“Politico”nun məlumatına görə, “Flamingo” 3000 kilometr uçuş məsafəsinə malikdir və 1150 kiloqramlıq döyüş başlığı daşıya bilir.
Silahın yaradıcısı olan Fire Point şirkətinin baş direktoru İrina Terekh Politico-ya bildirib ki, raketin hazırlanması 9 ay çəkib və onlar çox sürətlə inkişaf edir. O, həmçinin əlavə edib ki, raket tamamilə Ukrayna istehsalıdır.
TASS-a danışan rusiyalı hərbi ekspert Aleksandr Stepanov “Flamingo”nun Ukrayna mənşəli olduğunu təkzib edərək, məhsulun ilkin olaraq müxtəlif ölkələrə məxsus şirkət tərəfindən dizayn edildiyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski dekabr ayına qədər flaminqonun daha böyük həcmdə istehsal olunacağını bildirərək, onlardan yüzlərləsinin istifadə oluna biləcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az