İran: Bizə hörmət edilməsə, heç bir nüvə razılaşması olmayacaq


İranın xarici işlər naziri Abbas Erakçi ölkəsinin uranı zənginləşdirmək hüququna hörmət edilmədən ABŞ-la nüvə danışıqlarında razılaşmanın mümkün olmayacağını bildirib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, xarici işlər naziri Erakçi Qahirəyə səfəri çərçivəsində misirli həmkarı Bədr Əbdüləti ilə görüşüb.

Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Erakçi İran və Misirin bölgədə köklü sivilizasiyalara malik iki böyük ölkə olduğunu qeyd edərək: "İki ölkə regionda sülhün, təhlükəsizliyin, inkişafın və tərəqqinin təmin edilməsində mühüm rol oynayır. Bu, iki ölkənin rəsmilərinin əlaqələri, siyasi məsləhətləşmələri, iqtisadi və siyasi əməkdaşlığı hər sahədə inkişaf etdirmək iradəsini göstərir" deyib.

İran və Misirin əlaqələri inkişaf etdirmək əzmində olduqlarını bildirən Erakçi: "Bundan əlavə, iki ölkə arasında əlaqələrin inkişafı üçün hazırda heç bir ciddi maneə yoxdur və biz yaxın gələcəkdə bəzi maneələri aradan qaldırmaq qərarına gəldik. Bu, yaxın bir neçə həftə ərzində baş verə bilər. Münasibətlərin inkişafı üçün yol həmişəkindən daha açıqdır. Danışıqları və siyasi məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldik. İki ölkə arasında əlaqələri genişləndirmək və ticarət həcmini artırmaq üçün də razılığa gəldik".

İsrailin Qəzzada həyata keçirdiyi soyqırıma qarşı Yəməndəki husilərin Qırmızı dənizdəki hərəkətlərini bəyəndiklərini ifadə edən Erakçi sözlərini belə davam etdirdi:

"Yəmən xalqının arzusu Fələstin və Qəzza xalqını dəstəkləmək və müdafiə etməkdir. Onlar açıq şəkildə bəyan ediblər ki, atəşkəs əldə olunarsa, onların Qırmızı dənizdəki əməliyyatları dayandırılacaq. Bu əməliyyatlar İsrail gəmilərinə və İsrailə gedən gəmilərə qarşıdır. Biz bölgədə sülh və əmin-amanlığın bərqərar olmasını dəstəkləyirik və regional problemlərin dialoq yolu ilə həllini tapacağına ümid edirik"

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ